Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. SİA xatırladır ki, 150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyub. Cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası olub, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilib.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub.
Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. 150 yaşlı mətbuatın 70 ili bu kommunist dikaturası dövrü ilə bağlıdır. Həmin dövrdə Azərbaycan mətbuatı mövcud problemləri daha çox sətiraltı mənada yazırdı. Çünki mətbuat SSRİ-nin yürütdüyü siyasətin, ideologiyanın ruporu idi. Həmin dövrdə fərqli düşünmək, yazmaq yasaqlanmışdı.
1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb.
Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb.
2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu.
Vətən müharibəsindən sonra da mediamızın qarşısında yeni vəzifələr durdu. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı, “Media haqqında” yeni qanun qəbul olundu. Bütün bunlar milli mətbuatın müasir çağırışlara uyğun şəkildə inkişafına xidmət edir.
Onu da vurğulamaq yerinə düşər ki, artıq ardıcıl üçüncü ildir ki, Şuşa Qlobal Media Forumu keçirilir. Ənənə halını almış forum çərçivəsində Prezident İlham Əliyev yerli və xarici jurnalistlərin suallarını cavablandırır.
Azərbaycan mətbuatının 150 illiyi dövlət başçısının diqqətindən kənarda qalmayıb. 25 aprel 2025-ci il tarixində Prezident İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb, yubiley medalı təsis edilib.
Bundan əlavə, Prezidentin 21 iyul tarixli sərəncamı ilə 26 jurnalist “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 1 nəfər 1-ci dərəcəli “Əmək” ordeni, 10 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 137 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub. 26 jurnalistə “Əməkdar jurnalist” fəxri adı, 3 nəfərə isə Prezidentin fərdi təqaüdü verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə