İyulun 20-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. SİA xəbər verir ki, əvvəlcə Forum haqqında videoçarx nümayiş olunub. Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa Qlobal Media Forumunun Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilməsinin təsadüfi olmadığını deyib: “Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər”.
Prezidentin köməkçisi qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. “Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, vaxtilə müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.
Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdu. 1990-cı illərin əvvəllərində Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi”, - deyə H.Hacıyev bildirib.
O qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir: “Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək”.
Prezidentin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib: “Azərbaycanın ilk qəzeti “Əkinçi”nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura olsa da, “Əkinçi”də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc edilirdi. Bu qəzet yeni düşüncənin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.
Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik”.
“TRT World”, “The Newsmakers” proqramının aparıcısı Andrea Sankenin moderatorluğu ilə keçirilən paneldə “İnnovativ yanaşmalar: Rəqəmsal dövrdə media savadlılığı” mövzusu müzakirə olunub.
“Euronews” telekanalının aparat rəhbəri, “Euronews Baku”nun baş icraçı direktoru Fernando Soares qeyd edib ki, məlumatın haradan qaynaqlandığını, hansı məqsədlə yayıldığını və ictimai rəyə necə təsir etdiyini dərk etmək bu gün hər bir vətəndaş üçün zərurətə çevrilib: “Bizim məqsədimiz bu prosesi daha geniş auditoriyaya çatdırmaq, xüsusilə də gənc nəslin maariflənməsini təmin etməkdir. Burada təhsil müəssisələrinin rolu xüsusilə vacibdir. Çünki gənclər informasiya mənbəyi olaraq ən çox sosial mediaya müraciət edirlər. Lakin sosial media həm də feyk xəbər və manipulyasiyaların sürətlə yayıldığı bir platformadır. Məhz buna görə gənclərin informasiyanı tənqidi təhlil etməyi, onun yaranma səbəbini və mümkün nəticələrini dərk etməsi son dərəcə önəmlidir”.
Fernando Soares bildirib ki, bugünkü dünyanın reallıqları, informasiya müharibələri, dezinformasiya kampaniyaları və rəqəmsal manipulyasiyalar hər kəs üçün xəbərdarlıq siqnalı olmalıdır. Belə bir şəraitdə media sadəcə xəbərləri təqdim edən vasitə deyil, həm də həqiqətin qoruyucusudur.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi bu gün informasiya sahəsinin daha geniş, çoxşaxəli və mürəkkəb bir sistemə çevrildiyinə diqqət çəkib: “Biz media sahəsində fəaliyyət göstərən qurumlar olaraq daim əməkdaşlıq və informasiya mübadiləsi içindəyik. Bu əməkdaşlığın mühüm tərəfdaşlarından biri də Azərbaycan Dövlət İnformasiya Agentliyidir. AZƏRTAC-la əlaqələrimiz çoxşaxəlidir və qarşılıqlı dəstəyə əsaslanır”.
O qeyd edib ki, media sahəsində əməkdaşlıq vacibdir. “Çünki bir-birimizdən öyrənəcəklərimiz çoxdur: “Mən hər şeyi bilirəm, yeniliyə ehtiyacım yoxdur” kimi düşüncə tərzi bu günün informasiya dünyasında yersizdir. Daim öyrənmək, yenilənmək və informasiya dəqiqliyini qorumaq peşəkar medianın əsas şərtləridir”.
Avropa Xəbər Agentlikləri Alyansının baş katibinin sözlərinə görə, bu əməkdaşlıqlar etibarlı və doğru xəbərin dəyərli olduğu üçün edilməlidir.
“AZƏRTAC Azərbaycanın dövlət xəbər agentliyi olaraq rəsmi, yoxlanılmış və dəqiq məlumatlar təqdim edir. TREND isə özəl xəbər agentliyi kimi fəaliyyətdədir və ölkənin media palitrasında özünəməxsus yer tutur. Biz bilirik ki, bu agentliklərdə yayımlanan məlumatlar doğruluğa, rəsmi mənbələrə və peşəkar jurnalistika prinsiplərinə əsaslanır. Bu da bizim üçün informasiya təhlükəsizliyinin təminatıdır.
Unutmamalıyıq ki, mətbuat həqiqətin carçısıdır. Medianın vəzifəsi sadəcə xəbər vermək deyil, həm də insanları düşünməyə, təhlil etməyə və nəticə çıxarmağa sövq etməkdir. İnsanlar bu informasiyaların əsasında öz yanaşmalarını formalaşdırmalı, fərqinə vararaq qərar verməlidirlər”, - deyə Alexandru Giboi bildirib.
“AnewZ” telekanalının müxbiri Oubai Şahbandar qeyd edib ki, bugünkü media mühitində istənilən şəxs - istər sosial şəbəkə istifadəçisi, istərsə də bloger özünü tənqidçi və hətta araşdırmaçı jurnalist kimi təqdim edə bilir. Bu, medianın demokratikləşməsi baxımından müsbət görünsə də, eyni zamanda, bizim - peşəkar jurnalistlərin məsuliyyətini daha da artırır.
“Artıq cəmiyyət də bu prosesin bir hissəsinə çevrilib. Hər birimiz öyrənirik ki, məlumat haradan gəlir, kim tərəfindən yayılır və bu yayımın məqsədi nədir. Məhz bu sualları düşünmək və cavablandırmaq informasiya təhlükəsizliyinin əsas şərtidir.
Bu gün məlumatların şərh olunması, təhlil edilməsi və düzgün kontekstdə qiymətləndirilməsi üçün əvvəlkindən daha çox imkan yaranıb. Əsas məsələ isə bu imkandan düzgün istifadə metodu tapmaqdır.
Burada medianın və jurnalistikanın etik prinsipləri, obyektivliyi və məsuliyyətli yanaşması əsas rol oynayır. Yalnız bu halda biz cəmiyyətin etibarını qazana bilərik və informasiya xaosuna qarşı dayana bilərik”, - deyə Oubai Şahbandar əlavə edib.
“Qazcontent” ASC-nin İdarə Heyətinin sədri Aina Zadabek isə qeyd edib ki, indi süni intellektlə və ümumiyyətlə rəqəmsallaşma ilə baş verənlər insan inkişafının növbəti mərhələsidir. Hazırda insan süni intellektin yaratdığı materialları ayırd edə bilir. Eynilə bunlar informasiya platformasında baş verir. Biz jurnalistlər üçün bu, yeni çağırışdır. Burada fərqi daha da hiss etmək və anlamaq çox vacibdir. Tənqidi düşüncəni inkişaf etdirməyi öyrənməliyik.
Qazaxıstanda 2024-cü ildən inkişaf konsepsiyasının qəbul olunduğunu və 2029-cu ilə qədər ölkədə bütün sahələrin inkişafına kömək edən superkompüter yaradıldığını diqqətə çatdıran Aina Zadabek deyib: “Bəzi rəqəmsal müstəqillik ortaya çıxır. Hazırda Qazaxıstanda İnkişaf Mərkəzi yaradılır və 1 milyondan çox insan süni intellekt üzrə təlim keçəcək. Əgər jurnalistlər süni intellektdən düzgün istifadə etsələr, bu medianın inkişafına böyük təsir göstərəcək”.
Panel işini müzakirələrlə davam etdirib.
Xatırladaq ki, iyulun 21-dək davam edəcək Forumda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələr iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə