"Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” - FOTOLAR

Bakıda "Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda media forum panel müzakirələrlə davam edib. SİA xəbər verir ki, MEDİA-nın kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə baş tutan “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” mövzusunda panel sessiyada “BAKU TV”nin rəhbəri Ramin Cəfərov, “APA TV”nin rəhbəri Orxan Məmmədli, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, “Qafqazinfo.az” veb-saytının baş redaktoru Günel Əbilova, “Oxu.az” veb-saytının baş redaktoru Ülvi Səfərov tərəfindən media sahəsində innovativ yanaşmalar, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin jurnalistləri üçün zəruri kompetensiyalar barədə geniş müzakirələr aparılıb və jurnalistika peşəsinin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı, gənclərin bu sahəyə marağının təşviq edilməsinin vacibliyi vurğulanıb.

Sual- cavab formatında təşkil edilən paneldə çıxışçılar süni intellektin peşəkar mediaya təsirindən danışıblar. Təcrübədən nümunələr əsasında çıxış edən natiqlər bildirib ki, müasir mediada oxucu ciddi xəbər axtarışındadır. Oxucuların media transformasiyasının önəmi vurğulanıb. Qeyd olunub ki, sosial şəbəkələrdə olan xəbərlər peşəkar media tərəfindən dəqiq mənbələrlə təsdiqlənərək yayıldığından hələ yazılı medianın önəmi qalır. İnformasiyanın səhihliyi bir çox hallarda operativlik meyarını üstələyir.

Mediaya gələn gənclərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələrdən söhbət açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə