Söz, fikir, məlumat azadlığının təminatında Azərbaycan lider dövlətlərdəndir - TƏHLİL
Azərbaycan müxtəlif istiqamətlərdə daim dinamik inkişafda olan bir ölkə olaraq, dünyanın əksər ölkələrindən fərqləndiyi kimi, söz və mətbuat azadlığı sahəsində də bir çox ölkələrdən irəlidədir və bu heç də təsadüfi, heç də səbəbsiz deyil. İlk növbədə unutmaq lazım deyil ki, ölkəmizdə hər bir vətəndaşın belə müstəqil fikir bildirmək, məlumat, eləcə də ifadə azadlığı və hüquqları var. Söz, fikir və məlumat azadlığının qorunması məqsədi ilə ölkəmizdə qanunvericilik bazasının olması həmin hüquqların mövcudluğu, eləcə də təmin olunduğu və söz, fikir, məlumat azadlığının olması deməkdir.
Söz, fikir, məlumat azadlığı təmin olunmadan, yəni informasiya cəmiyyətinin fundomental prinsipi təmin olunmadan demokratiyadan da, plüralizmdən də, azad cəmiyyətin tərəqqisindən də danışmaq mümkün deyil. Bütün bunların təminatı üçün isə ilk növbədə əlbəttə ki, həmin sahəni tənzimləyən qanunların olması və dövlət tərəfindən qorunması gərəkir, hansı ki, ölkəmizdə bu sahədə ilkin təminat məhz konstitusiyamıza əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib, institusional mexanizmlər də, bu istiqamətdə inkişafa təkan verən qurumlar belə formalaşdırılıb və bu baxımdan gələcək üçün də nikbin proqnozlar verilməsi üçün məntiqi əsas var.
Ölkəmizdə fikir, söz, məlumat və mətbuat azadlığı sahəsində qanunvericilik bazası mövcud olsa da, həmin qanunvericilik bazasının təkmilləşdirilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz rolu əlbəttə ki, danılmazdır. Xüsusilə diqqətə çatırmaq yerinə düşərdi ki, Ümummilli Liderimiz hakimiyyətə gəldikdən sonra ilk gördüyü işlərdən biri məhz söz və mətbuat azadlığı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi oldu və bu gün məhz həmin bazadan bəhrələnməkdəyik. Bu gün ölkəmiz məhz söz, fikir, məlumat, eləcə də mətbuat azadlığının olduğu ölkələrdən sayılır və demokratik ölkə olaraq beynəlxalq miqyasda tanınır. Çünki fikir, söz, məlumat, mətbuat azadlığı məhz demokratiyanın əsaslarındandır. Məhz bu baxımdan da fikir, söz, məlumat, mətbuat azadlığı və nəticə də demokratiya olmayan, bütün cəmiyyətin eyni şəkildə ifadə olunmasına çalışan ölkələr demokratik ölkələr sırasında sayılmırlar. Əksinə, qeyri-demokratik ölkə hesab olunurlar və müasir, inkişad etməkdə, dəyişilməkdə, hətta qloballaşmaqda olan dünyamızda məhz həmin dəyişikliklərlə ayaqlaşan demokratik dövlətlərə uduzurlar və rəqabətə də tab gətirə bilmirlər, geridə qalırlar, inkişaf edə bilmirlər. Bütün bu məqamları nəzərə aldıqda görürük ki, ölkəmizin dünya miqyasında, qlobal səviyyədə inkişaf etməsi, inkişafda olan ölkələrlə rəqabətə dayanıqlı olması həm də Azərbaycanda söz, fikir, məlumat, mətbuat azadlığının, ümumiyyətlə, demokratiyanın olduğubu bir daha təsdiqləyir.
Dünyanın bir çox ölkələri özlərini demokratik ölkə, söz, fikir, məlumat azadlığı olan ölkə olaraq təqdim etməyə çalışlalar da, reallıqda heç də belə deyil. Xüsusən də, Avropa ölkələrinin bir çoxunda belə hələ də söz azadlığı, fikir, mətbuat azadlığı özlərinin təqdim etdikləri kimi deyil. Bu gün dünyaya məhz dırnaq işarəsi altında “demokratiya dərsi” keçməyə çalışan ölkələrin bir çoxunda demokratiyadan, söz və məlumat azadlığından əsər-əlamət yoxdur. Məsələn, Fransa kimi bir Avropa ölkəsində insanların küçələrə çıxaraq ölkə hakimiyyətinin qərarlarına qarşı etiraz etməsi həmin ölkə rəhbərliyi tərəfindən qətiyyən qəbul edilmədiyi haqda kifayət qədər faktlar var. Hər halda, etirazçıların Paris küçələrində rezin güllələrə “hədəf” olaraq seçilməsi, gözyaşardıcı qazdan, yüksək təzyiq altında təsiredici su şırnaqlarından istifadə edilməsi, etirazçıların üzərinə itlərin buraxılması və bir çox hallar dünya ictimaiyyəti üçün heç də sirr deyil. Yaxud da, İspaniyada öz hüquqlarını tələb etmək üçün etiraz aksiyaları təşkil edən katalonlara qarşı hansı təzyiqlərə əl atıldığı da hamıya bəllidir. Avropanın bir çox dövlətləri üçün bu kimi hallar kifayət qədərdir və yetərincə misallar gətirmək olar. Amma belə hesab edirik ki, sadalananlar belə yetərlidir və məqsəd sadəcə olaraq, müqaisələr aparmaqdır. Yəqin ki, dünya ictimaiyyəti bizim ölkəmizdə insanların, daha dəqiq desək, az sayda müxalifət qüvvələrinin meydanlara yığışmasına zərrə qədər də maneə olmadığını müşahidə ediblər. İnsanların azad şəkildə toplaşmalarına, fikir bildirmələrinə hansısa maneələrlə bağlı bircə dənə də olsa fakt yoxdur. Əksinə, əvvəla, hansısa narazılıq barədə ölkəmizdə diqqət cəlb edə bilən məqam yoxdur. Digər tərəfdən də əgər etiraz, narazılıq olsa belə, buna qarşı avropalıların rastlaşdıqları hansısa güc tətbiq olunması mümkün deyil.
Hazırda Azərbaycanda demokratiyanın ən parlaq təzahürü hesab olunan söz, fikir, məlumat və mətbuat azadlığının olduğunu təsdiq edən məqamlardan biri də məhz internetə, sosial şəbəkələrə əlçatanlığın yüksək səviyyədə olmasıdır. Hər bir vətəndaş üçün sosial platformalardan istifadə son dərəcə asandır. Heç bir məhdudiyyət qoyulmayıb. Son dərəcə azadlıq verilib. Hətta bəzən bu azadlıqdan məhz qanundan kənar, qəbul olunmuş normalardan uzaq bəzi sui-istifadə halları, məsələn, təhqir kimi hallar da olur. Sözsüz ki, bu hallar ilk növbədə ictimai qınağa tuş gəlir, amma təbii ki, qanunla çəriçivəsində də, hüquqi müstəvidə də tənzimlənir. Daha dəqiq desək, insanların, vətəndaşların haqq və hüquqlarının pozulmasına yol verilməməsi nəzərə alınır. İstənilən halda, ölkəmizdə azad söz, fikir, məlumat, mətbuat azadlığı, bir sözlə, insan azadlıqları qorunmaqdadır və demokratiyanın olmasına zərrə qədər də şübhə edilməsi mümkün deyil.
Sadalananlar onu deməyə əsas verir ki, söz, fikir, məlumat azadlıqlarının, eləcə də plüralizmin bundan sonra da inkişafı barədə nikbin proqnozlar verməkdə hər kəs haqlıdır. Ələlxüsus da ona görə ki, fikir, ifadə, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi dövlət rəhbərinin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu məqam isə cəmiyyətimiz, ələlxüsus da media nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında cənab Prezident İlham Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görülüb, hansıki bu, azad sözlə, fikir və məlumat azadlığına, mətbuatın inkişafına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyərin göstəricisidir. Məhz bu dəyərə istinad edərək, cəsarətlə deyə bilərik ki, bundan sonra da söz, fikir, məlumat azadlığının təminatında Azərbaycanın lider dövlətlərdən biri kimi davamlı şəkildə qəbul edilməsinə ümid etməyə dəyər.
Müəllif: İnam Hacıyev
6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır
Bütün xəbərlər Facebook səhifəmizdə