"Televiziya güclü qalmaq istəyirsə, yenilənməlidir" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Son illərdə televiziya dövrünün başa çatdığına dair fikirlər müxtəlif formalarda gündəmə gəlir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Rizvan Qənbərli deyib.
Onun sözlərinə görə, televiziya hələ də təsirli bir media vasitəsi olaraq mövcudluğunu qoruyur, lakin dəyişməyə, transformasiyaya məcburdur. Artıq əvvəlki kimi tək dominant informasiya və əyləncə mənbəyi olmasa da, geniş auditoriyaya çıxış potensialı hələ də qalır: "Bu baxımdan televiziya texnoloji, sosial və mədəni dəyişikliklərə uyğunlaşmaq üçün yenilənmə prosesini yaşayır.
Texnoloji dəyişikliklər televiziya yayımının daha çevik, çoxkanallı və istifadəçiyə uyğun formatda təqdim olunmasına şərait yaradıb. İndi insanlar yalnız müəyyən saatlarda deyil, istədikləri vaxt, istədikləri cihaz vasitəsilə məzmun izləyə bilirlər. Beləliklə, televiziya artıq passiv izləyici kütləsinə deyil, daha seçici və tələbat yönümlü auditoriyaya xitab etməlidir.
Əyləncə, xəbər və təhsil funksiyaları bu gün artıq bir neçə platforma arasında bölüşdürülüb. Buna görə də telekanallar da dijital platformalarda aktiv iştirak edir, sosial media ilə inteqrasiya olunmuş yayımlar həyata keçirir və mobil tətbiqlərlə istifadəçiyə daha yaxın olmağa çalışırlar".
Televiziya, dijitallaşma ilə ayaqlaşa bildiyi təqdirdə, gələcəkdə də təsirini davam etdirə bilər. Əgər o, topladığı təcrübəni yeni formatlarla – məsələn, mobil istifadə, interaktiv tətbiqlər və sosial media ilə – birləşdirə bilsə, təsir gücünü qoruyub saxlamaqla yanaşı, yeni auditoriyalara da çıxış əldə edə bilər.
Müəllif: Günel Rəşadqızı
Bütün xəbərlər Facebook səhifəmizdə