"Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin daşıyıcısıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Media dilə töhfə verməlidir "Media fəaliyyəti və jurnalistikanın cəmiyyətə təsiri olduqca geniş və çoxşaxəlidir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bu təsir yalnız informasiya yayımı ilə məhdudlaşmır, eyni zamanda ictimai davranışlara, ümumi mədəniyyətə və xüsusilə də dilə birbaşa təsir göstərir. Məhz bu səbəbdən media nəzəriyyələrində dil amili mühüm faktor kimi dəyərləndirilir və bu sahəyə xüsusi diqqət ayrılır: "Təsadüfi deyil ki, dünya təcrübəsində media üçün hazırlanmış etik kodekslərdə jurnalistlərə vulqar ifadələrdən, jarqonlardan istifadə etməmək tövsiyə edilir. Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksində də bu məsələyə həssas yanaşma müşahidə olunur. Belə ki, kodeksin 5-ci prinsipinin 5.7-ci bəndində qeyd edilir: “Jurnalist yazılarında vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır”. Lakin təəssüf ki, bu kimi norma və prinsiplər sosial şəbəkələrdə geniş şəkildə pozulur. Sosial platformalarda jarqonlara, vulqar ifadələrə və xüsusilə də nifrət nitqinə tez-tez rast gəlinir. Bu cür üslub və yanaşmalar nəinki Azərbaycan dilinin zənginləşməsinə xidmət etmir, əksinə, dilin lüğət tərkibini və sintaktik quruluşunu zədələmə riski yaradır. Ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərən müxtəlif qurumlar və elmi institutlar mövcuddur.
Hesab edirəm ki, bu qurumlar sosial mediada dilin pozulmasının qarşısını almaq, sağlam və düzgün dil mühitini təşviq etmək üçün konkret təkliflər hazırlamalı və həyata keçirməlidirlər. Eyni zamanda maarifləndirmə tədbirləri genişləndirilməli, mediada çalışan şəxslərin dil məsuliyyəti daha da artırılmalıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin daşıyıcısıdır. Onun qorunması hər bir jurnalistin və media orqanının mənəvi borcudur".
Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə