Milli mənlik şüurunun inkişafında və vətənpərvərlik hislərinin tərbiyəsində AZƏRBAYCAN NÜMUNƏSİ – TƏHLİL
Dövlət siyasətinin mühüm tərkib hissəsi olan gənclər siyasəti, gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi Azərbaycanda elə bir səviyyədədir ki, bütün dünya üçün bir nümunə sayılır. Ölkə rəhbərinin məhz rəhbərliyi altında dövlətimizin gənclərimizə qayığı ilə yanaşması, eləcə də, gəncliyin milli ruhda, vətənpərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlər öz bəhrəsini verib və yenə də bəhrəsini verməkdədir. Bunu məhz ərazilərimizin işğaldan azad edilməsi uğrunda gedən 44 günlük müharibə dönəmində də gördük, müharibədən sonra ərazilərimizin abadlaşdırılması, şəhər və kəndlərimizin salınmasında, infrastrukturun yaradılmasında da çox yaxşı görürük. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlərin məhz savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bizə bəxş etdiyinin hər birimiz şahidiyik.
Unutmaq lazım deyil ki, ümumillikdə hər bir xalqın vətənpərvərlik ruhunda yetişməsi ilk növbədə həmin xalqın milli təhlükəsizliyini təmin edir. Ona görə ki, vətənə bağlılıq, vətən sevgisi, vətənpərvərlik hissləri hər bir şəxsin şəxsi maraqlarını vətən yolunda qurban verməyə hazır olmasıdır. Xatırladaq ki, məhz ölkəmizin ən ağır dönəmində, müstəqilliyimizin az qala əldən gedə biləcəyi bir dövrdə, ölkəmizin parçalanması astanasında olduğu bir dönəmdə, vətəndaş qarşıdurması olan ağır zamanda, ölkəmizi xaos, anarxiya bürüdüyü bir vaxtda, düşmən tərəfindən, məhz Ermənistan tərəfindən ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdülən məqamda Ümummilli Lider Heydər Əliyev ilk növbədə məhz vətənə bağlılıq, vətən sevgisinin aşılanması istiqamətində çox mühüm addımlar atmaqla, yurdumuzun mühafizəsinə, müdafiəsinə, xalqımızın milli təhlükəsizliyinin təmin edilməsinə nail oldu. Ulu Öndərin siyasətinin başlıca istiqaməti olan azərbaycançılıq məfkurəsi və onun tərkib hissəsi olan vətənpərvərlik, milli maraqlar, dövlətçilik maraqları məhz məhz milli təhlükəsizliyimizin təmin edilməsinə hesablanmışdı.
Heç şübhəsiz ki, hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü, milli mənlik şüuruna malik, vətənpərvər gənclərə böyük ehtiyacı var və belə gənclərin yetişməsi üçün cəmiyyət də özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin yetişməsi qısa bir zamanda reallaşa bilmir. Həmin o vətənpərvərlik ruhunda olan gənclərin formalaşması üçün illər tələb olunur. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran çox mühüm bir vəzifədir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gəncləri ilə başqalarına nümunə oldu. Yenə də nümunə sayılır. Məhz 44 günlük müharibədə bunun əyani şahidi olduq. Gördük ki, Azərbaycanda vətənpərvər gənclik artıq formalaşıb. Məhz əldə etdiyimiz Zəfər elə həmin o vətənpərvər gənc nəslin yetişdiyinin bir isbatıdır. Elə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər özü ilk növbədə vətənpərvərlik ruhunda böyümüş gənc nəslin qələbəsi sayılır. Çünki, həqiqətən də, İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbi, bir vətənpərvərlik nümunəsi olaraq qəbul edilir. Əgər bu gün gənclərimiz dövlət başçısı cənab İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə gedirlərsə, bu özü də onlarda Vətən sevgisinin nümunəvi olduğunun təsdiqidir. Bu gün fəxrlə deyə bilərik ki, gənclərimiz İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirirərək, qələbəmizi təmin etdilər, işğal altında olan ərazilərimizi işğaldan azad etdilər və ən əsası isə, vətənimizin hər qarışına sahib çıxmaq əzmində olduqlarını və sahib çıxdıqlarını isbatladılar. Düşməni elə bir şəkildə qorxuya saldılar ki, bundan sonra gənclərimizin qorxusundan heç vaxt ərazilərimizə soxulmağı ağıllarına belə gətirə bilməzlər. Çünki düşmən gördü ki, Azərbaycan gəncliyində milli mənlik şüuru çox inkişaf edib və vətənpərvərlik hissi yüksək səviyyədə, bütün dünyaya örnək, nümunə olacaq səviyyədədir. Təbii ki, belə vətənpərvər, qəhrəman və peşəkar gəncləri olan Vətən heç vaxt basılmaz. Belə bir bir gəncliyi, vətənpərvər gəncliyi olan ölkə daim Zəfər qazanmalıdır və qələbə əzmində olmalıdır, çünki qüdrəti zərrə qədər də şübhə doğura bilməz. Milli mənlik şüurunun inkişaf etdirilməsinin, eləcə də vətənpərvərliyin nəyə qadir olması, nə demək olduğu artıq bəllidir və elə məhz buna görə də əminik və inanırıq ki, bundan sonra da ölkəmizdə vətənpərvər gənclik yetişəcək. Əminik ki, vətənpərvərlik hissləri yüksək səviyyədə, bütün dünyaya nümunə olacaq həddə olan gənclik bizi daim qələbələrə aparacaq.
Az qala əsrin üçdə birinə yaxın müddət ərzində düşmən elə bir müdafiə istehkamları qurmuşdu ki, həmin istehkamları keçmək, adlamaq, geridə qoymaq üçün xüsusi həqiqətən də fədakarlıq və vətənpərvərlik tələb olunurdu, hansı ki, əsgərlərimiz həmin səddi, həmin istehkamları keçməklə nə qədər vətənpərvər olduqarını sübut etdilər. Düz 30 ilə yaxım müddət ərzində özünün Ohanyan səddi, istehkamı ilə qürrələnən düşmən bir də gördü ki, nə səddindən əsər-əlamət qalmayıb, nə də qürrələnməyə nə isə yoxdur. Bir sözlə, düşmən məhz Azərbaycan əsgərinin həmin səddi aşdığını görəndə, gözlərinin bərəlməsi heç də təsadüfi və sabəbsiz sayılmır. Onillər boyunca həmin sədd üçün varını-yoxunu qoyan düşmən məhz Azərbaycan əsgərinin ayaqları altında həmin səddin qaldığını görəndə gənclərimizdə milli mənlik və eləcə də vətənpərvərlik hislərinin hansı həddə olduğunu anladı. Təkcə düşmən yox, bütün dünya ictimaiyyəti anladı ki, milli mənlik şüurunun inkişafında və vətənpərvərlik hislərinin tərbiyəsində Azərbaycan nümunəsi danılmazdır.
Müəllif: İnam Hacıyev
6.3.10. “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə