Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda NAİLİYYƏTLƏRİMİZ - TƏHLİL

Azad vətəndaş cəmiyyətinin formalaşması demokratik dəyərlərə verilən önəmin birbaşa təzahürüdür. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu vaxta qədər demokratik cəmiyyət quruculuğu istiqamətində böyük inkişaf yolu keçib və ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğu dövlətimizin demokratik dəyərlərə xüsusi önəm verdiyini təsdiqləyir.

Aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə vətəndaş cəmiyyəti, eləcə də demokratik və hüquqi dövlət quruculuğu istiqamətində yüksək səviyyədə nailiyyətlər əldə edilib. İlk vaxtlar, müstəqilliyimizin bərpasının ilk dövrlərində fəaliyyət dairəsi əsasən paytaxtımızı, Bakı şəhərini əhatə edən vətəndaş cəmiyyəti institutları bu gün ölkəmizin hər yerində, hər bir bölgəsində məhz demokratikləşməşmə prosesində iştirak edir, müxtəlif layihə və proqramlar həyata keçirir. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, hazırda ölkəmizdə artıq sarsılmaz və ədalətli vətəndaş cəmiyyəti formalaşıb.

Müstəqil dövlələrin qarşısında duran ən mühüm vəzifələrdən biri heç şübhəsiz ki, hüquqi dövlət və vətəndaş cəmiyyətinin qurulmasıdır. Elə buna görə də qeyd edilən vəzifələr zamanında qarşıya qoyulub və tarixən böyük dövlətçilik ənənələrinə malik Azərbaycan Respublikasında ötən əsrin 90-cı illərinin əvvəllərində, daha dəqiq desək, Sovetlər birliyinin dağılması ilə müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə müəyyən addımlar atılmağa başlanılıb. Doğrudur, məlum səbəblərə görə, yəni, AXC-Musavat cütlüyünün səriştəsiz hakimiyyəti və fəaliyyəti hətta ölkəmizin müstəqilliyini belə risk qarşısında qoyması səbəbindən müstəqilliyimizin ilk illərində bu proses böyük çətinliklərlə qarşılaşıb. Lakin 1993-cü ildə Azərbaycan xalqının böyük şəxsiyyəti, Ümummilli Lider Heydər Əliyevin məhz xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı sayəsində vəziyyət kökündən dəyişdi və qeyd olunan çətinliklərə son qoyuldu. Digər istiqamətlərdə olduğu kimi, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində də düşünülmüş, məqsədyönlü addımlar atıldı və bu baxımından da həmin dövr həqiqətən də böyük tarixi əhəməyyət kəsb edir. Xalqımız yaxşı bilir ki, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması hər zaman Ümummilli Liderin siyasətinin əsasını təşkil edib. Elə məhz buna əminliyimizdə də haqlı olduğumuz özünü çox gözlətmədi. Ulu Öndərin təxirəsalınmaz şəkildə atdığı ciddi və səmərəli addımlar sayəsində ən tez zamanda ölkə vətəndaşları hüquqlarının ən yüksək səviyyədə qorunduğu demokratik cəmiyyətdə yaşamağa başladılar.

Heç şübhəsiz ki, müstəqilliyini yenicə bərpa edən Azərbaycanda hüquqi dövlət və nümunəvi vətəndaş cəmiyyətinin qurulması üçün bir çox islahatların həyata keçirilməsi lazım idi və məhz bunun sayəsində ölkədə vətəndaş cəmiyyətinin qurulması təmin edilə bilərdi. Elə buna görə də Ulu Öndər xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı ilk növbədə, ölkədə mövcud olan dərin siyasi böhrandan və müharibə vəziyyətindən çıxardı və baş qaldırmış qiyamları, separatizmi, qüdrətli, bütöv, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda dayanan maneələri ən qısa zaman kəsiyində aradan qaldırdı. Vətəndaş cəmiyyətini vətəndaşların hüquqlarının qorunduğu cəmiyyət adlandıran Ulu Öndərin bu yolda atdığı əməli addımlar heç də yaddan çıxan deyil. Belə ki, 1995-ci ilin iyununda Konstitusiya Komissiyasının yaradılması ilə ilk addım atıldı. Şəxsən Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış bu komissiyanın tərkibində hüquqşünaslar, məhkəmə orqanlarının əməkdaşları, qanunverici və icra nümayəndələri var idi ki, bu da təsadüfi deyildi. Ulu Öndər xalqımızın çoxəsrlik milli mənəvi dəyərlərini nəzərə alaraq, qabaqcıl ölkələrin təcrübəsindən yararlanaraq, Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanmasına rəhbərlik etdi. Ali Qanun toplusu iki dəfə mətbuatda dərc olunmaqla, xalqımızın həmin sənədlər hərtərəfli tanış olmasına şərait yaradıldı. Beləliklə 1995-ci il 12 noyabr tarixli Referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyası xalq tərəfindən qəbul edildi və Konstitusiyanın qəbul edilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əsas addım oldu.

Ümummilli Lider Heydər Əliyevin miras qoyduğu bu siyasət sayəsində vətəndaş cəmiyyəti bu gün daha möhkəm əsaslarla həyata keçirilir. Ona görə daha möhkəm əsaslarda həyata keçirilir deyilir ki, dahi rəhbərin siyasətinin davamçısı olan ölkə rəhbərimiz hər addımda xalqının milli-mənəvi dəyərlərini əsas tutan Müzəffər Prezidentimiz cənab İlham Əliyevdir. Bu gün dövlətin hüquqi dayanıqlığının məhz dövlət başçımızın siyasətinin əsasını təşkil etdiyi də göz önündədir. Məhz bu siyasətin nəticəsində Azərbaycanda sarsılmaz, ədalətli vətəndaş cəmiyyəti formalaşdırılb. Təsadüfi deyil ki, ölkə vətəndaşlarımız cəmiyyətin bütün sferalarında sərbəst, inamlı, dövlətinə və onun qanunlarına arxalanaraq yaşayırlar, çünki hüquqi dövlətimizin, vətəndaş cəmiyyətimizin olduğunu görürlər.

Heç şübhəsiz ki, vətəndaşlarımızın hər biri də öz növbəsində üzərinə düşən məsuliyyəti dərk etməli, əsas insan və vətəndaş hüquqlarına hörmətlə yanaşmalı, dövlət inistitutlarının sarsılmasına səbəb ola bilən, ölkədə anarxiya yarada bilən, qeyri-konstruktiv davranışlardan uzaq olmalıdırlar. Yalnız belə bir qarşılıqlı etimad və məsuliyyətlilik fonunda, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunin arzu olunan inkişaf səviyyəsi haqqında danışmaq mümkündür. Unutmaq lazım deyil ki, dövlət vətəndaş qarşısında məsuliyyət daşıdığı kimi, vətəndaş da dövlət qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır və bu, hər bir vətəndaşın borcu hesab olunur. Əlbəttə, onu da nəzərə almaq lazımdır ki, cəmiyyət, insanlar arasında yaranan davranış qaydaları ilə idarə olunur və davranış qaydalarının bir qisminin dövlət tərəfindən müəyyən olunması, eləcə də qanunlarda öz əksini tapması heç də təsadüfi deyil. Bilmək lazımdır ki, qanunların pozulmasına görə məsuliyyət daşınır və hər bir insanın yalnız öz şəxsiyyətinin tam inkişafı mümkün olan cəmiyyətin qarşısında məsuliyyət daşıdığı barədə İnsan Hüquqları haqqında “Ümumi Bəyannamənin” 29 maddəsində də qeyd olunur. Eləcə də diqqətə çatdıraq ki, Konstitusiyanın 72-ci maddəsində məhz dövlət və cəmiyyət qarşısında hər bir şəxsin onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıdığı da qeyd olunur. Bir sözlə, etiraf etmək lazımdır ki, demokratik cəmiyyətin formalaşmasında, müxtəlif dövlət əhəmiyyətli layihələrdə, qanunvericiliyin təşkilində, ictimai maarifləndirmədə vətəndaş cəmiyyətlərinin rolu əhəmiyyətli dərəcədədir, fəaliyyəti də olduqca vacibdir. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında vətəndaş cəmiyyətlərinin rolu danılmazdır və hər bir hüquqi dövlətdə vətəndaş cəmiyyətinin olması qaçılmazdır.

Dünyada nə qədər dəyişikliklər baş versə də, yeni prinsplər, meyarlar, dəyərlər meydana çıxsa da, istər insanlar, istərsə də dövlətlər üçün vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu öz aktuallığını yenə də qorumaqdadır. Azərbaycanda insan hüquqlarının müdafiəsi, eləcə də hüquqi dövlətin prioritet məsələ olaraq qəbul edilməsi və elə buna görə də sözügedən sahədə davamlı şəkildə, mütəmadi olaraq islahatların aparılması, dövlətimizin hər bir vətəndaşının qarantına çevrilməsi, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri olan insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatı bütün dünyada qəbul olunmaqdadır və bu, bizim üçün qürurvericidir.

Müəllif: İnam Hacıyev

6.3.1. “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə