Hər zaman prioritet olan AZƏRBAYCANÇILIQ İDEYASI – TƏHLİL

İlk növbədə, vətənpərvərlik, eləcə də dövlətçilik kimi təməllərə, milli dəyərlərə söykəndiyi üçün Azərbaycançılıq ideyasının təbliği öz aktuallığını qoruyur və hər zaman prioritet hesab olunur. Azərbaycançılıq ideyası məhz vətənimizin ərazi bütövlüyünün, suverenliyinin, xalqımızın milli maraqlarının, eləcə də bütün dünya azərbaycanlılarının, həmvətənlərimizin ümumi maraqlarının qorunmasını, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, öz doğma dilimizi yaşatmağı aşıladığına görə hər bir azərbaycanlı üçün artıq əvəzsiz dəyər olaraq qəbul edilir. Elə məhz buna görə də, Azərbaycançılıq ideyasının hər zaman prioritet olması ilə yanaşı, daim təbliğ olunması da olduqca vacibdir və bütün dünya azərbaycanlıları üçün ən ümdə vəzifə məhz bu ideologiya ətrafında sıx birləşməkdir.

Dünya azərbaycanlılarının təşkilatlanması, mədəni və mənəvi əlaqələrinin inkişaf etdirilməsi baxımından məhz Azərbaycançılıq ideyası xüsusən əvəzsizdir. Elə buna görə də Azərbaycançılıq ideyası təkcə respublikamızın, ölkəmizin ərazisində yaşayan azərbaycanlıların ideyası sayılmır. Bu ideya məhz bütün dünya azərbaycanlılarının ideyası olaraq qəbul edilir və belə də qəbul edilməlidir. Çünki ölkəmizin mənafeyi, xalqımızın milli maraqları naminə dünyanın istənilən yerində həmvətənlərimizi birləşdirən məhz Azərbaycançılıq ideyasıdır. Təsadüfi deyil ki, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında olan əlaqələrinin, eləcə də onların ölkəmizlə əlaqələrinin möhkəmlənməsi, bu əlaqələrinin daha da yaxşılaşdırılması Azərbaycan dövlətinin xüsusi diqqət mərkəzindədir. Dövlətimizin bu istiqamətdə göstərdiyi diqqət və dəstək tamamilə məntiqidir və bu baxımdan da başadüşüləndir. Təbii ki, bu dəstək təsadüfi sayıla bilməz, çünki artıq Azərbaycançılıq ideyası prioritet olaraq çoxdan qəbul edilməkdədir.

“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, deyə bəyan edən Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün əvəzsiz vasitədir. Etiraf etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin səyi ilə azərbaycançılıq ideyası mahiyyətcə real məzmun daşımağa başladı və praktik olaraq realizə imkanları qazandı və məhz bu baxımdan da cəsarətlə deyə bilərik ki, Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyimizin aparıcı amilinə çevrilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü mühüm işlər danılmazdır. Çünki Ulu Öndər məhz azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, xüsusən də mənəvi birliyinə nail oldu.

Hər dəfə xarici səfərləri zamanı Umummilli Lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla görüşlər keçirdiyi hər kəsə bəllidir və bu görüşlərin təsadüfi olmadığı da gün kimi aydındır. Ulu Öndər bu görüşləri keçirməklə, ilk növbədə dünyanın ayrı-ayrı ölkələrində yaşayan, məskunlaşan azərbaycanlılara birləşmək, təşkilatlanmaq barədə çox dəyərli tövsiyyələr verdiyi də sirr deyil. Bu tövsiyyələr azərbaycanlıların məhz Azərbaycanın milli maraqları naminə birləşmələri üçün edilirdi. Bu da bir tarixi həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyev məhz dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərmizin dəvət olunduğu Dünya Azərbaycanlılarının I Qurultayında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması ilə bağlı dünya azərbaycanlıları qarşısında vəzifələr qoydu və 2001-ci ildə keçirilən həmin Qurultayın ardınca da, daha dəqiq desək, 2002-ci ildə də “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin yaradılması barədə” Fərman imzaladı. Bütün bunlar heç də əbəs yerə deyildi və məqsəd ilk növbədə müxtəlif xarici ölkələrdə yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyəti təmin etməkdən və bu sahədə dövlət siyasətini həyata keçirməkdən ibarət idi. Görünən və ortada olan reallıq budur ki, xarici ölkələrdə yaşayan azərbaycanlılarla koordinasiya olunmuş fəaliyyət quruldu və bu isə onu deməyə əsas verir ki, həqiqətən də azərbaycançılıq ideologiyasının banisi məhz Ümummilli Lider Heydər Əliyevdir. Sevindirici haldır ki, əsası Ulu Öndər tərəfindən qoyulan bu ideologiya dünyada yaşayan soydaşlarımız arasında həqiqətən də milli birlik və həmrəylik yaratdı.

Artıq Azərbaycançılıq ideyasının nə dərəcədə əhəmiyyətli, nə dərəcədə təsirli və bu baxımdan da nə dərəcədə vacib olduğuna 44 günlük müharibə dönəmində həmvətənlərimiz məhz bir daha əmin oldular. Təkcə ölkəmizdə deyil, eləcə də ölkəmizin hüdudlarından kənarda, dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı şəhərlərdə yaşayan həmvətənlərimizin birliyinin nə demək olduğunu məhz torpaqlarımız işğaldan azad edilən zaman hər birimiz görüdük. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev məhz xalqımızın birliyinə, həmrəyliyinə arxalanaraq, eləcə də əmin olaraq böyük siyasi iradə, qətiyyət göstərdi və elə rəşadətli Azərbaycan Ordusu da məhz bu birliyə söykənərək, həmrəylikdən güc alaraq ölkə başçımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. Toqpaqlarımız işğaldan azad edilən zaman xaricdə təşkilatlanan düşmənlərimizin qarşısına çıxan da, onların haqsız olan “səsini kəsən” də, onları susduran və “zərərsizləşdirən” də ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimiz oldu ki, onları da birləşdirən, milli maraqlarımız uğrunda mübarizəyə cəlb edən də məhz Azərbaycançılıq ideyasıdır. Elə ən böyük reallıq və həqiqət də məhz budur və hər birimiz unutmamalıyıq ki, biz birlikdə güclüyük və həmrəyliyimiz sayəsində qələbələr qazanırıq, hansıki həmrəyliyimizin də, birliyimizin də, nəticədə, qələbələrimizin də kökündə məhz Azərbaycançılıq ideyası durur. Deməli, Azərbaycançılıq ideyasının nə qədər vacib, əhəmiyyətli olduğu və prioritet olaraq qəbul edildiyi tamamilə məntiqi hesab olunmalıdır və bunu hər birimiz unutmamalıyıq ki, məhz bu ideya artıq bütün dünyada təbliğ edilməlidir. Zəfərimiz, qələbələrimiz, torpaqlarımızın işğaldan azad edilməsi dünyanın istənilən ölkəsində, istənilən şəhərində yaşayan azərbaycanlıda qürür hissi yaradır, biz azərbaycanlılar hamılıqla bu qələbəmizə görə fəxr edirik. Bununla yanaşı, unutmuruq bizi yenə də qələbələrə aparan məhz birliyimiz, həmrəyliyimiz olacaq və bununda kökündə Azərbaycançılıq ideyası durursa, deməli, bu ideya bizi hər zaman qələbələrə doğru səsləyir. Deməli, həqiqətən də Azərbaycançılıq ideyası bu vaxta qədər olduğu kimi, bundan sonra da hər zaman prioritet olaraq qəbul ediləcək.

Müəllif: İnam Hacıyev

6.3.9. Azərbaycançılıq ideyasının təbliği”

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə