Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Mir” Teleradio Şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “Mir” Teleradio Şirkəti sədrinin müavini Vladimir Kazarezov imzalayıblar.
SİA xəbər verir ki, İclasda AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, gələn il 105 illik yubileyini qeyd edəcək agentlik hazırda hər gün 8 dildə 600-ə yaxın xəbər yayır. “AZƏRTAC dünyanın 53 informasiya agentliyi və media strukturu ilə əməkdaşlıq edir. Onların arasında ən qədim tərəfdaşımız olan “TASS” agentliyi də var. MDB ölkələrinin informasiya agentlikləri ilə həm ikitərəfli əsasda, həm də İnformşura çərçivəsində yaxşı əlaqələr qurulub ki, bu da birgə informasiya layihələrinin həyata keçirilməsinə imkan verir”, - deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri vurğulayıb.
Vüqar Əliyev son zamanlar geniş yayılan saxta xəbərlər məsələsinə toxunub. O, belə bir fenomenlə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.
Onun sözlərinə görə, son iki il ərzində agentlik 5-ə yaxın əməkdaşlıq müqaviləsi bağlayıb. Eyni zamanda, bir sıra informasiya strukturları ilə qarşılıqlı fəaliyyətə dair sənədlər yenilənib, onlara videomaterialların mübadiləsi haqqında müddəa daxil edilib. “Agentlik bu istiqamətdə əhəmiyyətli səylər göstərir. Əminəm ki, memorandumun imzalanması “Mir” Teleradio Şirkəti ilə AZƏRTAC arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək”, - deyə o vurğulayıb.
“Mir” Teleradio Şirkəti sədrinin müavini Vladimir Kazarezov Bakıda olmasından məmnunluğunu bildirib. O, ölkənin əsas xəbər agentliyi olan AZƏRTAC ilə əməkdaşlığa və təcrübə mübadiləsinə hazır olduğunu deyib. “Mir”in öz xəbərlərini sosial şəbəkələr vasitəsilə də yaydığını diqqətə çatdıran Vladimir Kazarezov əlavə edib ki, onların əsas məqsədi dövlət qurumları arasında informasiya mübadiləsidir. “Saxta xəbərlərin yayılmasına qarşı fəal mübarizə ümumi vəzifəmizdir, ona görə də biz məlumatları yoxlamalı və etibarlı mənbələri paylaşmalıyıq”, - deyə “Mir” Teleradio Şirkəti sədrinin müavini diqqətə çatdırıb.
2025-ci ildə üçüncü MDB Oyunlarının Azərbaycanda keçiriləcəyini vurğulayan Vladimir Kazarezov bildirib ki, “Mir” telekanalı bu maraqlı idman tədbirinin işıqlandırılmasında fəal iştirak edəcək.
“Mir”in Azərbaycandakı nümayəndəliyinin direktoru İlqar Paşazadə iki media strukturu arasında əməkdaşlığın qarşılıqlı faydalı xarakter daşıyacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə