Bu yaxınlarda Sumqayıt şəhərindəki 9-cu mikrorayonda yerləşən poçt idarəsinə getmişdim. İdarəyə təzə daxil olmuşdum ki, poçtun müdiri, dostumuz, dəyərli nasir Arif Ərşada rast gəldim. Arif müəllim məni görən kimi özü yaxınlaşdı, hal-əhval tutdu. Ordan-burdan söhbət elədik. Bu arada həmkarım mənə çox gözəl qəzəl ustası Əli Əmirovun (Ələmi) yazdığı qəzəllərdən danışdı. Sonra Arif müəllim məndən onun FB-də paylaşdığı hekayələri oxuyub-oxumadığımı soruşdu. Doğrusu, bilmədim nə cavab verim, çünki oxumamışdım.

Arif müəllimin masasının üstündə qəzetlər, kitablar var idi. O qəzetlərin arasından mənə 3 qəzet verdi. İkisi "Azad Azərbaycan", biri isə "Sözün sehri" qəzeti idi. Bu qəzetlərdə Arif müəllimin hekayələri çap olunmuşdu. "Babamın nağılı", "Qızcığazın taleyi" və bir də "Lotoreya bileti". Mən bu hekayələri oxudum və Arif müəllimin zəkasına, maraqlı süjetlər qurmasına heyran oldum. O qədər maraqlı hekayələr idi ki, mən elə bildim 1980-ci illərə geri döndüm. O vaxtlar Süleyman Rəhimovu, Mir Cəlalı, İlyas Əfəndiyevi necə həvəslə oxuyurduqsa, mən də Arif Ərşadın hekayələrini elə həvəslə oxudum. Həm də birnəfəsə oxudum. Bu hekayələr elə maraqlı idi ki, onlardan ayrılmaq istəmirdim.

Sonra Arif Ərşad mənə yenicə çapdan çıxmış hekayələr toplusunu verdi. Burada olan 33 hekayəni mən demək olar ki, iki günə oxudum. Bu hekayələr bir-birindən maraqlı və oxunaqlıdır. İstəyirəm sizi Arif Ərşadla daha yaxından tanış edim. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, “Qızıl qələm” mükafatçısı, şair, yazıçı-tərcüməçi, çoxlu şeirlər və 40-dan artıq hekayənin müəllifi Arif Ərşadın “Ömür qatarı” adlı ilk kitabı 2014-cü ildə işıq üzü görüb. “Hekayələr” adlı ikinci kitabı isə 2020-ci ilin dekabr ayında çapdan çıxıb. Əsərləri dövrü mətbuatda tez-tez tirajlanan Arif Ərşad müasir ədəbiyyatımızda həqiqətən maraqlı hekayələr ustasıdır. Çünki, yazıçı ilk öncə çox maraqlı süjetlər tapmaq, həmin süjetləri obrazların dilində oxucuya maraqlı dillə çatdırmaq, dərin sözaltı mənalar fikirləşmək, gözlənilməz hadisələr qurmaq istedadına malikdir. Məhz ona görə də Arif Ərşadın hekayələri çox maraqla oxunur. Arif Ərşadın hekayələrində gündəlik həyatımızın acılı-şirinli anlarında insan xarakterinin və ailədaxili münasibətlərin incə nüansları çox böyük ustalıqla açıqlanır, təbiətə və insana sevgi, vətənpərvərlik tərənnüm olunur. Məhz bütün bu məziyyətlərinə görə Arif Ərşad müasir dövr hekayə janrında özünəməxsus üslübda yazıları ilə parlaq şəkildə seçilir.

Sumqayıt şəhər Poeziya Evinə toplaşanlar və Arif Ərşadın “Hekayələr” toplusunu müzakirə edən tanınmış şairlər, yazıçılar, filoloqlar, jurnalistlər, oxucular da onun hekayələrinin bu formalarını, məziyyətlərini yüksək səviyyədə təhlil etdilər. Onlar öz çıxışlarında Arif Ərşadın hekayələrini təhlil etməklə sübut elədilər ki, Arif Ərşadı XXI əsr Azərbaycan ədəbiyyatının ən maraqlı nasirlərindən biridir. Sumqayıt Poeziya Evində keçirilən bu tədbiri Əməkdar jurnalist, Sumqayıt haqqında çoxlu yazıların, kitabların müəllifi, çox maraqlı yazıçı Eyruz Məmmədov aparırdı. O, Arif Ərşadla uzun illər davam edən dostluqlarından, çox yaxşı yaradıcılıq əlaqələrinin olmasından, Arif Əraşdın təkcə yaxşı yazıçı yox, həm də yaxşı insan olmasından, dosta, ailəyə, qohumlara qarşı dəyanətindən danışdı.

Sonra sözü, Əməkdar mədəniyyət işçisi, Prezidentin Fəxri təqaüdçüsü, qocaman şair, öz imzasını Azərbaycan poeziyasında qoymuş Əşrəf Veysəlliyə verdi. Əşrəf Veysəlli həmkarını belə maraqlı hekayələr yazdığına görə təbrik elədi və onun hekayələrində olan səmimiliyi, maraqlı obrazlar tapmasını xüsusu vurğuladı. Sonra Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, bir vaxtlar Arif Ərşada ədəbiyyat fənnindən dərs demiş Rafiq Yusufoğlu çıxış elədi. O, Arif Ərşadın ( Səfərəliyevin) bir vaxtlar təhsil aldığı Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb illərindən şeirlər yazdığını və həmin şeirləri o vaxtlar oxuduğunu vurğuladı. Onu bu yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik elədi.

Söz Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Şöbəsinin sədri Gülnarə Cəmaləddinə verildi. O, Arif Ərşadın təkcə maraqlı yazıçı olmasını yox, həm də həmkarlarının bir neçə kitabının çox yaxşı redaktoru olduğunu vurğuladı. Arif Ərşadın orta məktəb yoldaşı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Azər Saleh, onun hekayələr kitabı haqqında yazdığı və “ Sözün sehri” qəzetində, çoxlu saytlarda çap olunan “Hekayə danışan adam” geniş məqaləsi haqqında ətraflı məlumat verdi.

Sonra söz Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, rejissor, jurnalist Ağalar İdrisoğluna verildi. O, Arif Ərşadın bir neçə hekayəsini təhlil elədi. Onun hekayələrində maraqlı süjetlərin olması, balaca bir hekayədə bəzən povest səviyyəli mövzüları çox ustalıqla yerləşdirməsi, hekayədə hər bir obrazın öz dil üslubu olmasını vurğuladı. Həm də Arif Ərşadın uşaq psixalogiyasını yaxşı bilməsi, hekayələrin bəzilərinin onların dili ilə çox ustalıqla işləndiyini bildirdi. O, Arif Ərşadın həm də maraqlı tərcüməçi olduğunu və dünya klassiklərindən, fransız yazıçısı Emil Zolyanın “Tereza Raken”, “Naturalizm” və Amerika yazıçısı Karlos Kostanedanın “Don Xuanın təlimi” romanlarını çox maraqlı və oxunaqlı dillə Azərbaycan dilinə tərcümə etməsindən danışdı.

Yazıçı-həkim, Sumqayıt Dostlar Klubunun idarə heyyətini sədri, dəyərli ziyalı Hümbət Həsənoğlu Arif Ərşadın çox böyük ziyalı, yaxşı dost, yüksək səviyyəli vətənpərvər olduğunu, öz yaradıcılıq üslubunda heç kimi təkrarlamadığını və kitrabda olan 33 hekayəsinin də hər birinin süjet xəttinin ayrı-ayrı olduğunu, gözlənilməz hadisələr qurduğunu, yaradıcılığının çoxşaxəli olduğunu Poeziya Evinə toplaşanlara bildirdi. İstənilən yazıçının məqsədi həqiqəti oxucuya bədii formada çatdırmaqdır. Əgər o, buna nail ola bilirsə bu elə yazıçıçın ustalığıdır. Buna görə mən qətiyyətlə deyə bilərəm ki, Arif Ərşad öz hekayələrində buna tam nail olub. Onun klassik fransız yazıçısı Emil Zolyanın “Tereza Raken” və və “Naturalizm” romanlarını çox böyük həvəslə oxumuşam. Ona görə də deyirəm ki, Arif Ərşad təkcə maraqlı yazıçı yox, həm də maraqlı tərcüməçidir. Tərcüməçilik də yazıçıdan ilk öncə çox böyük ustalıq, peşəkarlıq tələb eləyir, -deyə Hümbət Həsənoğlu öz fikirlərini tamamladı.

Sonda söz Arif Ərşada verildi. O, tədbirə gələn oxuculara öz təşəkkürünü bildirdi. Və sonra hekayəni necə yazdığını və bütün süjetləri həyatdan götürdüyünü tədbir iştirakçılarına açıqladı. Elə tədbir iştirakçılarının qarşısında olmuş iki hadisəni danışmaqla və bu mövzuların necə hekayəyə çevrildiyini tədbir iştirakçıaları özləri də gördü və Arif Ərşadı alqışladılar. Elə bu hekayələrlə də tədbir iştirakçıları Arif Ərşadın necə dərin yumora və ustalıqla süjet seçməyə, qurmağa qadir olduğunu gördülər.

Beləliklə, iki saat davam edən bu tədbir ora toplaşanların yaddaşında çox maraqlı bir kitab təqdimatı kimi qaldı.

Əziz oxucular, sizə məsləhət görərdim ki, Arif Ərşadın əsərlərini tapıb oxuyasınız. Onda mənim yazdıqlarımın necə həqiqət olduğunu biləcəksiniz. İnanıram ki, Arif Ərşadın “Hekayələr” toplusu sizin stolüstü kitabınız olacaq.

Lilpar CƏMŞİDQIZI

Şairə-qəzəlxan

Bütün xəbərlər Facebook səhifəmizdə