Şairə Qumru Qüdrətin (Əhmədova Qumru Teymur qızı) “Tənha çiçək” kitabı əvvəllər nəşr olunmuş kitablarında olduğu kimi vətənə sevgini, doğma yurda və torpağa bağlılığı, şəhidlərə ehtiramı, şəhidliyin sonsuz bir zirvə olduğunu tərənnüm edir, xüsusilə gənc oxuculara bu duyğuları aşılayır. Yeni nəşr əvvəlki kitabları kimi gözəl bir əsərdir. Eyni zamanda bu əsər şairənin dərin təfəkkürünün, geniş yaradıcılıq imkanlarının, yuxusuz və gərgin gecələrinin bəhrəsidir.
Şairənin şeirlər müasir Azərbaycanın hər bir gənc oxucusuna nümunədir
Xüsusilə şairənin dili-üslub xüsusiyyətləri diqqət çəkir. Şairənin şeirlərini oxuduqca onun şeriyyət dünyasında tutduğu yolu bir daha açıq və aydın görmək mümkündür. Şairənin vətən, ana-ata və övlad sevgisi ilə, ümumiyyətlə yazdığı şeirlər müasir Azərbaycanın hər bir gənc oxucusuna nümunədir.
Hər bir gənc bu şeirləri oxuduqca sevginin müqəddəsliyini duyur, vətən, ana-ata, övlad sevgisini anlayır və bu sevgi ilə ucalır. Hər kəs bu hissləri yaşayır, özündə məsuliyyət hissi edib müqəddəs ali sevgi yollarında addımlamağı bacarır.
Bəzən oxucu bu misralarda ali sevginin həm şirinliyini, həm də acısını anlayır. Lazım gəlsə bu sevginin həsrəti ilə yanmağı bacarır. Qumru Qüdrətin şeirlərində vətən həsrəti, vətənə bağlılıq gözü yaşları ilə verilmişdir. O, öz yaraları ilə tez-tez xəyalan Qarabağ torpaqlarını dolaşır, onların həsrəti ilə yaşadığını bildirir.
"Buzovna şəhidləri" - Göz yaşları ilə qələmə alınan qəhrəmanlıq salnaməsi
Qumru Qüdrətin növbəti "Buzovna şəhidləri" kitabı ilə elə ilk tanışılqda oxucuda elə təsəvvür yaradır ki, şairə şəhidlərimizin vətən uğrunda necə qəhrəmanlıq göstərdiyini, onların vətən deyə ölümün gözünə dik baxaraq şəhidlik zirvəsinə ucaldığını göz yaşları ilə ağ vərəqlərə köçürmüşdü. Son vaxtlar müəllifin mətbuatda dərc olunan, ayrı-ayrı ədəbiyyat, incəsənət və mədəniyyət adamları ilə müsahibələrindəki bir çox bədii-publisistik məqamlar da onun bir şairə kimi zaman-zaman püxtələşməsindən xəbər verir. Şairə-yazarın şeirlərini, yazılarını oxuduqca onun şeriyyət və nəsr dünyasında tutduğu yolu açıq və aydın görmək mümkündür.
Şairə Qumru Qüdrətin həyat və yaradıcılığının xronologiyası
Onu da qeyd edək ki, Qumru Qüdrət 18 mart 1956-cı ildə Naxçıvan MR-ın Babək rayonunun Qoşa-Dizə kəndində anadan olub. O, “Telli Sənəm” jurnalının xüsusi muxbiridir. O, 1973-cü ildə Babək qəsəbə tam orta məktəbini bitirib. Hələ məktəbdə oxuduğu vaxtlardan şeirlər yazıb. Şeirləri "Göyərçin" jurnalında və "Azərbaycan gəncləri" qəzetində dərc edilib. 1975-ci ildə ailə qurub, üç övlad böyüdüb. Övladları ali təhsillidir. 1997-99-ci illərdə Naxçıvan radiosunda şeirləri müntəzəm olaraq səsləndirilib. 1999-cu ildə ilk dəfə "Ali Baş Komandan" və "Məni salma odlara" şeirləri "Şərq qapısı" qəzetində dərc edilib. "Ali Baş Komandan" şeirinə görə o, Naxçıvan Yazıçılar Birliyi tərəfindən mükaatlandırılıb. 1999-cu ildən "Şərq qapısı", "Şərurun səsi", "Dedektiv", "Ekspres" qəzetlərində şeirləri işıq üzü görüb. 2005-ci ildə şair İbrahim Yusifoğlunun təşəbbüsü ilə Qumru Qüdrətin "Bir ürəyin nəğmələri", ardınca isə "Nakam eşqin ninnisi" adlı ikinci kitabı nəşr olunub. 2011-ci ildə "Yada sal məni", "Məni bağışla", 2021-ci ildə "Mənə qərib deməyin", "Zəfərə addım-addım", 2023-cü ildə "Günəşlə barışmışam", "Şairlər bir mələkdir" kitabları nəşr olunub. Onun haqqında Sona Teymurbəylinin “Naxçıvan MR-da yazıb yaradan qadınlarımız" adlı elmi əsərində geniş məlumat verilib. Onun Ulu Öndər haqqında yazdığı şeirləri Süleyman Rzazadənin "Zamana şöhrətdir sənin qüdrətin" adlı Ulu Öndərin 95 illiyinə həsr etdiyi kitabda dərc olunub.
Şairə medianın diplom, medal və digər mükafatları ilə təltif edilib
O, 2005-ci ildən Bakı şəhəri Buzovna qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 2016-cı ildə Həcc ziyarətində olan Qumru Qüdrətin bir çox dini şeirləri var. "Həyat bizi səsləyir", "Sevgilim yuxunu dənizə danış", "Həsrətin sonu", "Tər çiçəklər", "Gəlin gedək Ağdama", "Zirvədəkilər", "Qəhrəman Şuşam", "Söz çələngi", "Tənha çiçək tez solar", "Zirvəyə gedən yollar", "Ömrün baharı", "Dağlarda izim qaldı", "Solmayan çiçək", "Xalqın müqəddəs oğlu" və başqa bir neçə adda antologiyalarda şeirləri çap olunub.
"Qarabağ Azərbaycandır", "Azərbaycan bayrağı", "Ulu Öndər Heydər Əliyev 100", "Naxçıvanın fəxri şairəsi", "Vətənpərvər şairə", "Vidadi 70", "İlin şairi", "Qızıl qələm", "Zəfər" və "Mətbuat günü" diplomları və "Ulu Öndər Heydər Əliyev 100" və "Zəfər" medaları ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə