Qarabağ döyüşlərində ayaqlarını itirmiş Leytenant Abbas Yusifovla ailə həyatı quran qıza ithah edirəm.

Bacım, qurban olum o saf qəlbinə,

Səni misralara gültək düzürəm.

Öpür əllərindən göz yaşlarımla,

Nə şöhrət gəzirəm, nə ad gəzirəm.

Səni misralara gültək düzürəm.

Ömür vərəq-vərəq sirli bir kitab.

Hər kitab sevgidən danışa bilmir.

“Sevirəm” – söyləyən naşı dodaqlar

Sədaqət oduna alışa bilmir.

Hər kitab sevgidən danışa bilmir.

Zülmət gecələrin vəfadarı Ay,

Düşünmə, göylərdə tənha yanırsan.

Mənim vəfadarım yerdə olsa da,

Sən ki öz nurunu ondan alırsan.

Düşünmə, göylərdə tənha yanırsan.

Bənzəmir qaynayıb-daşan həyata,

Bu həyat tək onun öz sərvətidir.

Əlil bir zabitlə ailə qurmaq,

Onun qulluğunda hər an dayanmaq,

Ən ali istəyi, son niyyətidir.

Bu həyat tək onun öz sərvətidir.

Eşqin baharında nişan taxarkən

Könül xəzan fəsli gözləməmişdi.

O boylu-buxunlu, cüssəli zabit

Düşmən gülləsinə tuş gəlməmişdi.

Könül xəzan fəsli gözləməmişdi.

Zülmət gecə idi, dumalı hava,

Selləndi, kükrədi getdikcə dava.

Atışma başladı cəbhə boyunca,

Zabitim qəzəbdən dönmüşdü nərə,

Bir neçə dığanı sərsə də yerə,

Vuruşa bilmədi ancaq doyunca...

Atışma başladı cəbhə boyunca.

Özünə gələrkən xəstəxanada

Yataqdan qalxmağa ayaq tapmadı.

Söndü həyatının yanan çırağı,

Sandı, belə ömrün yoxdur marağı.

Yadına salanda nişanlısını

Tutdu sevgisinin tutdu yasını.

Amma yanılmışdı mənim zabitim,

Sevgidə Vəfadar, eşqdə Sabitim

Gündüzlər ağladı, gecə yatmadı.

Atası, anası təkid etsə də,

Nişanı pozmağı tələb etsə də,

Bu qız öz hissini ucuz tutmadı,

Xəyalda, aşkarda onu atmadı.

Bacım, qurban olum o saf qəlbinə,

Sən ellər qızısan, Dan ulduzusan!

Vətəni vəsf edən şah nəğmələrin

Ən həzin, ən incə, xoş avazısan!

Sən ellər qızısan, Dan ulduzusan!

Başlar hay-haraya qarışıb yaman,

Çalışır hərə bir ucalıq qapsın.

Ayılsın yuxudan, gözünü açsın,

Bu qızı sevməyə Vətən vaxt tapsın!

Çalışır hərə bir ucalıq qapsın.

Sevgi həqiqətin görən gözüdür,

Kor edər düzlüyü saxta yalanlar.

Azad gələcəyi qorumaq üçün

Sevgiylə yaşasın gərək insanlar.

Kor edər düzlüyü saxta yalanlar.

Vətən aciz deyil düşmən önündə,

Deyərlər, gecənin sabahları var.

Mənim bu zabitim yeriməsə də,

Səmimi sevginin qüdrət gücüylə

Ruhunun çökməyən ayaqları var!

Qaranlıq gecənin sabahları var!!

Elmar VÜQARLI
AYB-nin üzvü,
Prezident təqaüdçüsü

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...