Dəyərli oxucular!

Sona Vəliyevanın yeni qələmə aldığı "Payız etüdləri" şeirini sizlər üçün dərc edirik.

"Payız etüdləri"

Payızın dilində şeir yazıram,

İçimdə, çölümdə payız nəğməsi.

Yarpaq qırğınıdır, məşhər başlayıb

Yoxdu ağacların ağlayan kəsi.

Axtardım əlini tutam payızın,

Ruhunu oxşayam, dərdini böləm.

Yağışa qarışam kimsə görməyə

Ya da durnalara qoşulam gedəm.

Getsəm nə dəyişər, qalsam, nə bilim

Zamanla köçəni saxlamaq olmur.

Ölümün bildiyim xəstə anamtək

Payız elə kövrək ayrılmaq olmur.

Bu payız fərqlimi, ruhum qəribmi,

Ya qismət bahara yetər arzular.

Tumurcuq diləklər Tanrı töhfəsi

Biraz təpər versək bitər sevdalar.

Çinar öz yarasın sarısa belə,

Yarpaq balaları qoruya bilmir.

İlahi, qarşıdan hələ qış gəlir

Gecikən sevgi tək bu bəyaz çiçək,

Tufanı tanımır, çovğunu bilmir.

Ağacam, bu payız dağ sinəsində

Məni görməyiniz, duymanız çətin.

Ruhumu dumana, yağışa bükün

Badam ağacının çiçəkləriylə

Bahar qayıdanda bəlkə göyərdim.

Bütün xəbərlər Facebook səhifəmizdə