"Qisas" əməliyyatı ermənilərə dərs verdi" -SABİQ SƏFİR DANIŞDI

"Qarabağ Azərbaycanındır. Laçın da Azərbaycanın gözəl rayonlarından biridir. Azərbaycanın 30 illik Qarabağ həsrəti sona çatıb". Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Hulusi Kılıç bildirib ki, Laçının içindən alternativ yol çəkilmişdir: "Artıq tranzit keçidlər alternativ yol üzərindən aparılacaq. Bu isə Azərbaycanın Qarabağa girişinə nəzarət etməsinə kömək olacaq. Üçlü bəyanata görə bütün erməni silahlı dəstələri silahlarını buraxmalıdır. Ancaq keçən həftə baş verən terror aktı ermənilərin üzərinə düşən vəzifəni və məsuliyyəti yerinə yetirmədiklərini görsətdi. Bir əsgərimizin şəhid olması bizi kədərləndirdi. "Qisas" əməliyyatı başladıldı və erməni tərəfinə lazımi dərs verildi. Laçının boşaldılması əgər gecikərsə və ya terror törədilərsə, o zaman Azərbaycanın "dəmir yumruğu" yerindədir. Bir daha belə bir terror aktı törədilərsə, gərəkli olan cavab veriləcək. Zabux Azərbaycan kəndidir. Ermənilərin Zabuxu boşaltması da vacibdir. Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir, Ermənistan isə yeni reallıqları dərk etməlidir. Qarabağda yeni həyat başlayacaq. Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibəti qurmaq istəyirsə, sülh sazişini imzalamalıdır. Siyasilər vəzifələrini edərsə, Qafqazda barış, sülh inkişaf olar. Yolun açılması ilə bərabər ermənilər üzərlərinə düşən vəzifələri yerinə yetirməli, Laçında heç bir erməni qalmayacaq şəkildə boşaldılmasını gözləyirik. Ən son "Qisas" əməliyyatı göstərdi ki, Azərbaycanın güclü lideri və ordusu vardır. Ona görə bölgə ermənilər tərəfindən boşaldılmalıdır".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə