"Ovannisyan vicdansızcasına yalan danışır" - Serj Sarqsyan

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi Ermənistan Müdafiə Nazirliyini ictimaiyyətə yalan və yoxlanılmamış məlumatlar verməkdə ittiham edib. SİA xəbər verir ki, Sarqsyan müraciətində Artsrun Ovannisyanın açıqlamalarının reallıqla heç bir bağlılığının olmadığını bildirib.

“Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanın dediklərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ovannisyan ya rəqəmləri bilmir, ya da bilərəkdən reallığı təhrif edir. Düşmən Şuşada olduğu zamanda reallığı təhrif etmək və doğru olmayan rəqəmlər vermək olmaz. Ovannisyan vicdansızcasına yalan danışır”, – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Ovannisyan ötən gün rəsmi açıqlamasında Azərbaycan Ordusunun hər bir əsgərinin üstündə dövlət bayrağı olduğunu, diversiya qrupunun Şuşada Azərbaycan bayrağı ilə şəkil çəkdirməsinin mümkünlüyünü bildirmişdi. Onun sözlərinə görə, bu, informasiya təxribatı üçündür, əslində isə Azərbaycan əsgəri Şuşada Azərbaycan bayrağı ilə şəkil çəkdirəndən sonra “çıxıb gedirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə