“Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib - FOTOLAR

YAP İmişli rayon təşkilatının və Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə İmişli şəhər 7 saylı tam orta məktəbin iclas zalında “Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və Azərbaycan təhsili” adlı tədbir keçirilib. Tədbirdə YAP İmişli rayon təşkilatının və Təhsil sektorunun əməkdaşları, fəal partiya üzvləri iştirak ediblər.
İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dövlət rəhbəri və siyasətçi kimi bütün müsbət xüsusiyyətləri özündə cəmləşdirən Heydər Əliyev elm-təhsil sahəsinə xüsusi diqqət göstərir, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Dahi rəhbər Heydər Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb və bu sahənin inkişafında həmin sənədlərin xüsusi rolu olub. Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir.
Çıxış edən rayon təhsil sektorunun müdiri Vahid Tağıyev qeyd edib ki, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatmasında Ümummilli lider Heydər Əliyevin xidmətləri az olmamışdır. Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır.
Digər çıxış edənlər vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyev bir hakimiyyət ustadı kimi, qətiyyətli dövlət başçısı kimi, müdrik siyasətçi, məsuliyyətli vətəndaş kimi, cəsur və tədbirli sərkərdə, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran şəriksiz və alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə