“Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yoxdan var etdi” - DEPUTAT DANIŞDI

“Bu il cənab Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan olunub. Düşünürəm ki, bu çərçivədə böyük tədbirlər keçiriləcək. Keçirilən tədbir yalnız ölkə daxilində olmayacaq, eyni zamanda bir çox dünya dövlətlərində Ulu Öndər Heydər Əliyev nüfuzunun, şəxsiyyətinin ehtiramında olan bir çox ölkələrdə tədbirlər keçiriləcək”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev yer üzündəki nadir şəxsiyyətlərdəndir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yoxdan var etdi.

Sovet dövrünə nəzər salsaq, böyük bir imperiyanın bir parçası olan ölkədə Ulu Öndər müstəqil siyasət həyata keçirdi. O, Azərbaycan dilini qorudu, iqtisadiyyatı, sənayeni inkişaf etdirdi. Ulu Öndərin dövründə ordu quruculuğu üzrə əvəzolunmaz tədbirlər həyata keçirildi. Bütün bunlar bugünümüzə hesablanmış addımların nəticəsi idi.

Müstəqillik dövrü isə hər birimizin canlı şahid olduğumuz bir dövrdür. Bu dönəmdə Ulu Öndər ölkəni xaosdan, tamamilə yox olmaqdan xilas etdi. Azərbaycan bayrağının dünyanın beynəlxalq təşkilatlarının üzərində dalğalanması da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Azərbaycan cənab Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirməsi ilə günü-gündən inkişaf edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə