"İnanıram ki, "Heydər Əliyev İli" Azərbaycan üçün sülh ili olacaq" - PARTİYA SƏDRİ DANIŞDI

"2023-cü ilin Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev İli" elan edilməsi olduqca sevindirici bir haldır. Müstəqil Azərbaycanın memarı, azadlığımızı, müstəqilliyimizi əbədi və dönməz edən Ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki yeri və rolu əvəzsizdir. Ulu Öndərimizin ölkəmizin işıqlı gələcəyi ilə bağlı həyata keçirdiyi konsepsiyalar, neft strategiyası Azərbaycanın müasir inkişafının təməlini qoyub. Müdrik və uzaqgörən dövlət xadimi olan Heydər Əliyevin 30 il bundan öncə - 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması isə dövlətçiliyimizin xilasına yol açdı. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə bağlı Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamında da bildirildiyi kimi Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Partiya sədrinin sözlərinə görə, ASRP-nin bu il üçün müəyyənləşdirdiyi Tədbirlər Planında da Ulu Öndərlə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur. "Ümumiyyətlə, 2023-cü il ərzində Heydər Əliyevin yaratdığı dövlətçilik fəlsəfəsi, onun istiqamətləri, hədəfləri, müəllifi olduğu azərbaycançılıq ideologiyası ilə bağlı mühüm tədbirlərin keçirilməsi nəzərdə tutulur. Müasir gənclik Azərbaycanda milli həmrəyliyin, milli birliyin məhz azərbaycançılıq ideologiyasına söykəndiyini bilməli, bu ideologiyanın əsasları ilə yaxından tanış olmalıdırlar. Eyni zamanda, il ərzində Ulu Öndərə həsr olunan tədbirlərdə, digər siyasi partiyaların tərtib edəcəyi konfranslarda da iştirak etməyi planlaşdırırıq. İl ərzində bu istiqamətdə davamlı işlər aparılacaq, partiyamızın ayrı-ayrı strukturları Ulu Öndərlə bağlı tədbirlərin təşkilində iştirak edəcəklər. Fikrimcə, il ərzində Heydər Əliyev irsi ilə gənclərimizin yaxından tanış olması istiqamətində daha genişmiqyaslı işlər aparılmalıdır. İnanıram ki, "Heydər Əliyev İli" Azərbaycan üçün sülh ili olacaq", - deyə Ə.Kazımova əlavə edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə