“Görmə sağlamlığına təsir edən digər mühüm faktor yuxu rejimidir” -HƏKİM DANIŞDI

“Görmə sağlamlığına təsir edən digər mühüm faktor yuxu rejimidir” -HƏKİM DANIŞDI

“Refraksiya anomaliyaları, yəni uşaqlarda görmə qüsurları (yaxın, uzaqgörmə və astiqmatizm) son illərdə bütün dünyada geniş yayılan oftalmoloji problemlərdən birinə çevrilib”.

Bu sözləri SİA -ya açıqlamasında professor, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri Paşa Musayev Qəlbinur bildirib.
Onun sözlərinə görə, mütəxəssislərin fikrincə, gözdə şüaların düzgün fokuslanmaması nəticəsində yaranan bu pozuntular eynək və ya digər korreksiya vasitələrinə ehtiyacı artırır:

”Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə bu halların sayında artım müşahidə olunur və problem xüsusilə iri şəhərlərdə daha qabarıq şəkildə özünü göstərir.

Oftalmoloqlar refraksiya anomaliyalarının artmasını ilk növbədə müasir həyat tərzi ilə əlaqələndirirlər. Urbanizasiya, uşaqların uzun müddət kitab, dəftər və digər yaxın məsafəli fəaliyyətlərlə məşğul olması, eləcə də mobil telefon, planşet və kompüter kimi rəqəmsal cihazlardan həddindən artıq istifadə gözlərə düşən yükü əhəmiyyətli dərəcədə artırır. Davamlı yaxın məsafəyə fokuslanma gözün akkomodasiya sistemini yorur və görmə qüsurlarının inkişaf riskini yüksəldir.

Bu baxımdan valideynlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların ekran qarşısında keçirdikləri vaxt yaşa uyğun şəkildə məhdudlaşdırılmalı, rəqəmsal cihazlardan yalnız zəruri məqsədlər üçün istifadə təşviq edilməlidir. Bununla yanaşı, açıq havada oyun oynamaq, idmanla məşğul olmaq və təbiətdə daha çox vaxt keçirmək göz sağlamlığının qorunmasına müsbət təsir göstərən əsas amillərdən hesab olunur.

Görmə sağlamlığına təsir edən digər mühüm faktorlar arasında yuxu rejiminin pozulması, balanssız qidalanma və qeyri-sağlam həyat tərzi də yer alır. Məktəb yaşlı uşaqlarda düzgün oturuş qaydalarına əməl olunması, kitab və göz arasında optimal məsafənin saxlanılması, oxu və yazı zamanı mütəmadi fasilələrin verilməsi, eləcə də kifayət qədər işıqlandırılmış mühitdə fəaliyyət göstərilməsi profilaktikanın vacib tərkib hissəsidir.

Müasir oftalmologiya refraksiya anomaliyalarının korreksiyası üçün müxtəlif müalicə üsulları, o cümlədən 18 yaşdan sonra tətbiq edilə bilən lazer cərrahiyyəsi imkanları təqdim edir. Bununla belə, mütəxəssislər hesab edirlər ki, əsas məqsəd görmə qüsurlarını müalicə etməkdən daha çox, onların yaranmasının qarşısını almaqdır. Erkən profilaktik tədbirlər və müntəzəm göz müayinələri uşaqlarda görmə zəifliyinin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bundan başqa, refraksiya anomaliyalarının formalaşmasında irsi amillər də mühüm rol oynayır. Valideynlərdən birində və ya hər ikisində görmə qüsurunun olması uşaqlarda da oxşar problemlərin yaranma ehtimalını artırır. Buna görə də risk qrupuna daxil olan uşaqların erkən yaşlardan etibarən oftalmoloq müayinəsindən mütəmadi keçməsi, görmənin inkişaf dinamikasının izlənilməsi və vaxtında korreksiya tədbirlərinin görülməsi böyük əhəmiyyət daşıyır”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə