“Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu uğurla keçirilib

“Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu uğurla keçirilib

22–23 iyun 2026-cı il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Azərbaycan Toksikoloqlar Dərnəyinin birgə təşkilatçılığı ilə “Kəskin zəhərlənmələrin təcili idarə olunması və müasir müalicə yanaşmaları” mövzusunda intensiv təlim kursu uğurla keçirilib.
Təlim İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Simulyasiya Mərkəzində təşkil olunub və ölkənin müxtəlif tibb müəssisələrindən olan həkimlər tərəfindən böyük maraqla qarşılanıb. Kursda anesteziologiya-reanimatologiya və təcili tibbi yardım sahələrində çalışan mütəxəssislər həkimlər ediblər.
Təlimin rəhbəri - klinik toksikologiya sahəsində uzunillik təcrübəyə malik mütəxəssis - Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev olub. Kurs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş və 18 DDT balı ilə qiymətləndirilmişdir.
İki gün davam edən proqram çərçivəsində iştirakçılara kəskin dərman və kimyəvi maddələrlə zəhərlənmələr, narkotik vasitələr, alkoqol və yeni psixoaktiv maddələr, dəm qazı ilə zəhərlənmələr, zəhərli heyvan sancmaları, bitki və göbələk mənşəli intoksikasiyalar, antidot terapiyası, detoksikasiya üsulları, kütləvi toksikoloji hadisələrin idarə olunması, ABCDE yanaşması və əsas toksidromlar barədə müasir elmi biliklər təqdim olunub.
Təlimin əsas üstünlüklərindən biri nəzəri biliklərin praktiki məşğələlərlə birləşdirilməsi olub. Simulyasiya Mərkəzində təşkil edilən praktik bacarıq stansiyaları və yüksək reallıqlı klinik ssenarilər vasitəsilə iştirakçılar müxtəlif toksikoloji halların diaqnostika və müalicəsi üzrə praktiki vərdişlərini təkmilləşdiriblər. Kurs iştirakçıları proqramın yüksək elmi səviyyəsini, interaktiv formatını və gündəlik klinik praktikada tətbiq oluna biləcək bilik və bacarıqlar qazandırmasını xüsusi qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə