"Bu gün Azərbaycan tibb işçilərinin peşə bayramını qeyd edərkən, son illərdə səhiyyə sahəsində əldə olunan mühüm nailiyyətləri xüsusi vurğulamaq lazımdır".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: "Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə səhiyyə infrastrukturunun yenilənməsi, müasir xəstəxanaların tikilməsi və əsaslı təmiri, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz olunması, eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi ölkə səhiyyəsinin inkişafında yeni mərhələ yaradıb. İcbari tibbi sığorta vətəndaşların tibbi xidmətlərə əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, səhiyyə sisteminin maliyyələşmə mexanizmlərini də təkmilləşdirib.
Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılıb. Əməkhaqlarının mərhələli şəkildə artırılması, xüsusilə pandemiya dövründə həkim və orta tibb işçilərinə əlavə sosial dəstək mexanizmlərinin tətbiqi onların əməyinə verilən dəyərin göstəricisi olub. Eyni zamanda, davamlı tibbi təhsil, xaricdə ixtisasartırma proqramları və yeni texnologiyaların tətbiqi tibbi kadrların peşəkar inkişafına müsbət təsir göstərib.
Lakin səhiyyə daim inkişaf edən sahədir və yeni çağırışlar da mövcuddur. Qarşıdakı dövrdə əsas prioritetlərdən biri ailə həkimliyi institutunun gücləndirilməsi, profilaktik təbabətin inkişafı, regionlarda ixtisaslı kadr təminatının yaxşılaşdırılması və tibb işçilərinin sosial rifahının daha da yüksəldilməsi olmalıdır.
Bununla yanaşı, rəqəmsal səhiyyə həllərinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tibbdə tətbiqi, ambulator dərman təminatının inkişafı və icbari tibbi sığorta sisteminin maliyyə dayanıqlığının gücləndirilməsi gələcək dövrün əsas hədəflərindəndir.
Əminəm ki, həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan səhiyyəsi daha da inkişaf edəcək, tibb işçilərinin nüfuzu və sosial təminatı yüksələcək, vətəndaşlarımızın keyfiyyətli tibbi xidmətlərə çıxışı daha da genişlənəcək.
Bu fürsətdən istifadə edərək bütün həkimləri, tibb bacılarını və səhiyyə sahəsində çalışan əməkdaşları peşə bayramları münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB