"Hiperaktiv uşaqlar anlayış və düzgün yanaşma ilə sosial uğur qazana bilərlər" - HƏKİM AÇIQLADI
"Hiperaktivlik, uşaqlarda diqqət çatışmazlığı və impulsiv davranışlarla müşayiət olunan, olduqca geniş yayılmış bir vəziyyətdir. Pediatr həkim olaraq vurğulamaq istərdim ki, hiperaktiv uşaqların davranışlarını düzgün anlamaq və onları nəzarətə almaq üçün valideynlərin və müəllimlərin birgə əməkdaşlığı, həmçinin mütəxəssis dəstəyi çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında həkim Təranə Marufova deyib.
Onun sözlərinə görə, hiperaktivlik uşaqda tərbiyə problemi və ya "pis davranış" deyil. Bu, sinir sisteminin fəaliyyətində olan fərqliliklə bağlı bir haldır və çox vaxt nevroloji, psixoloji və ya genetik faktorlarla əlaqəlidir. Belə uşaqlar yerində dura bilmir, daim hərəkət edir, dərslərə diqqətini cəmləməkdə çətinlik çəkir, tez-tez danışır və düşünmədən hərəkət edir. Bu davranışlar təkcə evdə deyil, bağça və məktəb mühitində də özünü göstərir: "Hiperaktiv uşaqlarla bağlı ilk və ən vacib addım onların vaxtında düzgün diaqnostikasının qoyulmasıdır. Valideynlər uşaqlarında bu cür əlamətləri müşahidə etdikdə, ilk növbədə pediatra və daha sonra uşaq nevroloqu və ya uşaq psixoloquna müraciət etməlidirlər. Əgər diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) diaqnozu təsdiqlənərsə, uşaq üçün fərdi yanaşmaya əsaslanan dəstək proqramı hazırlanmalıdır. Valideynlər bu uşaqlara qarşı anlayışlı və səbirli olmalıdırlar. Cəza və təzyiq əvəzinə, davranışa yönəlik müsbət motivasiya metodları daha effektiv nəticə verir. Strukturlaşdırılmış gündəlik rejim, qısa və aydın tapşırıqlar, fiziki aktivlik üçün imkanlar yaratmaq və ekran vaxtını məhdudlaşdırmaq faydalıdır. Bundan əlavə, məktəbdə müəllimlərin də bu uşaqlara xüsusi yanaşması vacibdir — onlara daha qısa tapşırıqlar verilməli, tez-tez fasilələrə imkan yaradılmalıdır.
Əgər simptomlar daha ağırdırsa və gündəlik fəaliyyətə əhəmiyyətli şəkildə təsir göstərirsə, bəzi hallarda müalicəyə dərman vasitələri də əlavə oluna bilər. Bu qərar yalnız mütəxəssis həkim tərəfindən qoyulmalı və daima nəzarətdə saxlanmalıdır. Nəticə olaraq demək istərdim ki, hiperaktiv uşaqlar da tam potensiala sahibdirlər və doğru yanaşma ilə onlar sosial və akademik baxımdan uğur qazana bilərlər. Əsas məsələ bu uşaqları düzgün tanımaq, etiketləmədən və mənfi reaksiyalardan uzaq duraraq onlara uyğun mühit və dəstək yaratmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə