...Yapon tədqiqatçıları aşkar ediblər ki, C vitamini epigenetik dəyişikliklər vasitəsilə epidermisi gücləndirərək dəri hüceyrələrinin böyüməsini aktivləşdirə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yazı “Journal of Investigative Dermatology” jurnalında dərc olunub.
Əvvəllər məlum idi ki, askorbin turşusu kollagenin sintezində və oksidləşdirici stressdən qorunmada iştirak edir, lakin indi alimlər onun hüceyrə bölünməsini tənzimləyən genlərin ifadəsinə də təsir etdiyini sübut ediblər.
Təcrübələr insan epidermisinin 3D modelləri üzərində aparılıb. C vitamini əlavə edərkən, tədqiqatçılar keratinositlərin aktiv bölünməsi səbəbindən dərinin hüceyrə qatının əhəmiyyətli dərəcədə qalınlaşmasını qeyd etdilər. Molekulyar təhlillər göstərdi ki, C vitamini DNT demetilasiyasına səbəb olan TET fermentinin fəaliyyətini gücləndirir. Nəticədə, ROS1 və RUNX2 kimi hüceyrə proliferasiyasına cavabdeh olan genlər işə salınır.
Bu dəyişikliklərin əsas göstəricisi artan epigenetik aktivliyi əks etdirən 5-hidroksimetilsitozinin səviyyəsinin artması idi. Bu təsir yalnız C vitamininin bioloji aktiv forması olan L-askorbin turşusunun iştirakı ilə müşahidə olunub və analoqlardan istifadə zamanı nəzərə çarpmayıb.
Alimlər bu təsirin uzunmüddətli olduğunu və epidermisdə morfoloji dəyişikliklərlə müşayiət olunduğunu vurğulayırlar. Müəlliflərin fikrincə, kəşf dərinin yaşa bağlı incəlməsi və ya onun bərpasının ləngiməsinin müalicəsi üçün yeni yanaşmalar üçün əsas yarada bilər. Bununla belə, klinik istifadə üçün insan üzərində əlavə sınaqlara ehtiyac olacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə