14 noyabr Ümumdünya Diabet Günüdür - MÜSAHİBƏ

14 noyabr Ümumdünya Diabet Günüdür. SİA xəbər verir ki, bu günlə əlaqədar diabetin ən təhlükəli fəsadlaşmalarından biri sayılan “diabetik pəncə” ilə bağlı suallarımızı Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova cavablandırıb.

Naidə həkim, “diabetik pəncə” nədir?

-Diabetik pəncə sinir sisteminə, qan damarlarına, oynaq və aşağı ətraflara təsir edən pəncədə xora şəklində təzahür edən ətrafların amputasiyasına gətirib çıxaran təhükəli vəziyyətdir. Diabetik pəncə kifayət qədər tez rast gəlinən bu və ya digər dərəcələrdə diabet xəstələrində təxminən 2-10% hallarda təzahür edən, 15 % hallarda isə amputasiyaya gətirib çıxaran ağırlaşmadır. Buradan belə çıxır ki, diabetik pəncənin müalicəsinin əsas məqsədi ayaqların qorunmasıdır. Beləliklə sağlamlığımıza ciddi nəzarət etməklə diabetik pəncənin inkişafının qarşısını alaraq amputasiyadan xilas olmaq olar.

Doktor bu cür ciddi ağırlaşmalardan necə qorunmaq lazımdır və hansı əlamətlər olduqda həkimə müraciət edilməlidir?

- Şəkərli diabet xəstəliyi olan insanlar mütəmadi olaraq ayaqlara nəzarət etməli, ayaqlarda təzahür edən ən kiçik dəyişiklik zamanı belə müalicə həkiminə müraciət etməlidirlər. Xüsusilə ayaqlarda ağrı, batma, yanma, keyimə; fiziki aktivlik zamanı sağrı, bud və baldır əzələlərində ağrı yaxud spazm; ayaq barmaqlarında, pəncə və baldır dərisində tüklərin tökülməsi; ayaq dərisində quruluq və çatların olması; aşağı ətraflarda dərinin rənginin və temperaturunun dəyişməsi; ayaqlarda qalın və sarı rəngdə dırnaqların yaranması; göbələk infeksiyanın əlamətlərinin olması; yara və xora əlamətləri şəkərli diabet xəstələri üçün siqnal rolunu oynamalıdır. Sadalanan bu əlamətlərə əhəmiyyət verilmədikdə ciddi ağırlaşmalarla nəticələnə bilərlər. Buna baxmayaraq şəkərli diabet xəstələrinin böyük əksəriyyəti vaxtında müalicəyə başlamaqla ağırlaşmaların qarşısını ala bilərlər. Ona görə də sadalanan əlamətlərin hər hansı biri ilə rastlaşdıqda mütləq şəkildə həkimə müraciət edilməlidir.

Bəs diabetli şəxslərdə fəsadlaşmaların qarşısını almaq üçün ayaqlara düzgün qulluq necə olmalıdır?

- İlk növbədə ayaqlar hər gün sabunla yuyulmalıdır, ehmalca silinib, barmaqların arası qurudulmalıdır, corablar dəyişdirilməlidir. Əgər ayaqda yara varsa, yaranın işlənməsi-təmizlənməsi məqsədilə yod, briliant abısı və spirt istifadə olunmamalıdır. Çünki bunlar dərini qurudur. Pəncədə quruluq müşahidə olunursa bu zaman pəncənin quru dərisinə diabetli xəstələr üçün olan xüsusi qidalandırıcı kremlərdən istifadə edilməlidir. Pedikür proseduru aparılmalıdır - şəkərli diabet zamanı pəncə dərisinə və dırnaqlara qulluq yalnız estetik deyil həm də müalicəvi prosedurdur. Bu proseduru xüsusi mütəxəssis – podiatr icra edir. O, qalınlaşmış dəri və döyənəkləri kəsib təmizləyir, beləliklə ayaq altını çatların yaranmasından qoruyur. Ümumiyyətlə bu prosedur 2-3 həftədə bir mütəmadi olunmalıdır.
Bir məsələni də vurğulamaq istərdim. Diabetli şəxslər ayaqqabı seçimini düzgün etməlidirlər. Dərinin zədələnməməsi üçün ayaqqabı mütləq rahat olmalıdır. Dar və ayağı sıxan, nazik və yumşaq altlığı olan ayaqqabı alınmamalıdır. Ayaqqabı ölçüyə uyğun, yumşaq və təbii materiallardan hazırlanmış olmalıdır. Ayaqqabı günün ikinci yarısı, ayaqlarda şişkinlik-ödem daha çox rast gəlindiyi saatda seçilməlidir.
Doktor bəzən diabetli xəstələrdə sinirlərin zədələnməsi nəticəsində ayaqlarda hissiyatın itirilməsi müşahidə oluna bilir.

Bu baxımdan diabetli şəxslər ayaqları isti və soyuqdan necə qorumalıdırlar?

- Bəli diabet nəticəsində sinirlərin zədələnməsi hallarında ayaqlarda yanıq olsa belə hiss edilməməsi mümkündür. Bunun üçün də ayaqları yanıqdan qorumaq üçün çimərlikdə və isti asfaltda ayaqqabı geyinilməlidir, ayaqlara günəş yanığı olmaması üçün günəşqoruyucu krem çəkilməlidir, ayaqlar qızdırıcı cihazlardan və ocaq alovlarından uzaq olmalıdır və ayaqlara isidici kisə qoyulmamalıdır. Təbii ki, isti kimi soyuq da ayaq zədələnməsinə səbəb ola bilər. Ayaqlar üşüyürsə yataqda corab geyinilməsi tövsiyyə olunur. Qışda ayaqlar isti və quru olması üçün su keçirməyən, qalın altlıqlı ayaqqabı istifadə olunmalıdır.

Doktor sonda oxucularımıza mövzu ilə bağlı nə tövsiyə edərsiniz?

- Xüsusilə vurğulamaq istərdim ki, diabetik pəncə sindromunun inkişafının vaxtında aşkarlanması həddindən artıq vacibdir. Bu vaxtında müalicə və ayağın saxlanılması deməkdir. Mütəmadi ağrıların azalması sinir uclarının güclü zədələnməsi deməkdir. Bu isə sümük və oynaqların patoloji dəyişilməsi, vaxtaşırı axsama və diabetin ən pis ağırlaşması qanqrenaya səbəb olur. Bu həddə çatdırmamaq üçün düzgün təyin olunmuş müalicə, bütün həkim tövsiyyələrinə riayət və nəzarət kifayətdir!

Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə