Havaların soyuması, mövsümi keçidlər və xüsusilə payızın gəlişi ilə yoluxucu xəstəliklərə tutulma tezliyi artır. Maddələr mübadiləsinin dəyişən hava şəraitinə uyğunlaşa bilməməsi, qapalı yerlərdə daha çox vaxt keçirmək kimi amillər virusların daha sürətli yayılmasına səbəb olur. Payız və qış kimi soyuq mövsümləri kiçik ehtiyat tədbirləri ilə yoluxucu xəstəliklərə tutulmadan keçirmək olar.
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Payız aylarında rast gəlinən yoluxucu xəstəliklər və onlardan qorunma yolları
Soyuqdəymə tez-tez qriplə qarışdırılır. Lakin qrip zamanı qızdırma daha yüksək olur, halsızlıq, əzələ ağrıları və zəiflik daha çox özünü göstərir və yataq istirahəti tələb olunur. Bir çox virus damcı yoluxma yolu ilə keçərək soyuqdəyməyə səbəb ola bilər. Yataq istirahəti və bol maye qəbulu ilə öz-özünə keçir.
Qrip sizi bir neçə gün yatmağa məcbur edən yoluxucu və ağır xəstəlikdir. 39 dərəcədən yuxarı qızdırma, üşümə, titrəmə, baş ağrısı, bütün bədəndə əzələ və oynaq ağrıları, quru öskürək ilə müşayiət olunur. Xüsusilə uşaqlarda qarın ağrısı və yüngül ürəkbulanmaya da səbəb ola bilər. Yaşlılarda, uşaqlarda və xroniki xəstəlikləri olan insanlarda pnevmoniyaya səbəb ola bilər.
Bronxitdə yüksək hərarət, zəiflik və bədən ağrıları ola bilər. Ancaq əsas simptom davamlı, üst-üstə düşən öskürək hücumlarıdır. Bu simptomlar görünəndə mütəxəssislə məsləhətləşmək lazımdır. Çünki bir-birindən tamamilə fərqli olan allergik bronxit və mikrob bronxitin müalicəsi mütəxəssis tərəfindən diferensiallaşdırılmalı və ona uyğun olaraq lazımi müalicə seçilməlidir.
Pnevmoniya ağciyər toxumasının son dərəcə təhlükəli infeksiyası kimi qeyd olunur. Yüksək hərarət, öskürək, tünd bəlğəm, nəfəs darlığı, bel-sinə nahiyəsində ağrı və yorğunluq yaranır. Yataq istirahəti, bəzi xüsusi hallarda xəstəxanaya yerləşdirmə və müvafiq tibbi müalicə mütləq tələb olunur.
Otit mediası uşaqlıqda çox rast gəlinən orta qulaq və qulaq pərdəsinin bakterial iltihabıdır. Antibiotik müalicəsi mütləq tətbiq edilməlidir. Adekvat müalicə olunmazsa, orta qulaqın xroniki iltihabı, menenjit, qulaq pərdəsinin yırtılması, sinüzit və eşitmə itkisinə səbəb ola bilər.
Faringit 75 faizi virus mənşəli olan, boğaz ağrısı, boğazda quruluq, udma çətinliyi, yüksək hərarət, üşümə, titrəmə, tərləmə və halsızlıqla müşayiət olunan boğaz iltihabıdır. Müayinədən sonra lazım olarsa antibiotik müalicəsi başlana bilər. Boğazın sağ və sol tərəfindəki badamcıqların şişməsinə, udma çətinliyinə, boğaz ağrısına, boyun limfalarının şişməsinə və yorğunluğa səbəb ola bilən və ümumiyyətlə bakteriya mənşəli olduğu üçün antibiotik istifadəsini tələb edə bilən bir xəstəlikdir. Xüsusilə badamcıqlarda ağ lövhələr varsa, vaxt itirmədən həkimə müraciət etməlisiniz.
Sinüzit alnın orta xəttində, almacıq sümüklərində və göz ətrafında dolğunluq hissi, baş ağrısı, qızdırma, burun axması, burun tıxanıqlığı ilə xarakterizə olunan baş sümüklərindəki sinus adlanan boşluqların iltihabi xəstəliyidir. Ümumiyyətlə bakterial mənşəli olduğu üçün antibiotiklərin istifadəsini tələb edir.
Həkim-terapevt Sübhan Hacıyev: “Ümumiyyətlə, payız bir çox özünü xəstəliklərlə büruzə verən bir mövsümdür. Payız aylarında biz daha çox allergik xəstəliklərin baş qaldırdığını görürük, xüsusilə də tənəffüs allergik xəstəlikləri. Bura aiddir faringit, laringit, allergik bronxit, bir çox astmatik komponentlərin üstünlük təşkil etdiyi xəstəliklərin, yəni bronxial astmanın kəskinləşməsi və s.
Eyni zamanda payız aylarında məktəblərin, baxçaların, bir çox iş yerlərinin daha aktiv çalışdığı, toplumların və insanların bu toplumlarda sıxlığının artdığı üçün bir çox tənəffüs yollarının virus infeksiyalarına da rast gəlirik. Bura aiddir odenavirus, rinovirus, qrip virusu, Pandemiyasında yaşadığımız COVID və s. viruslar.
Respirator virus infeksiyalarında özlərini daha çox hərarət, baş ağrısı, burun axmaları, ümumi halsızlıq, quru öskürəklər, bəzən ağır hallarda bu quru öskürəklər 48 saat sonra bəlğəmli öskürəklərə keçə bilir və s. kimi simptomlarla özünü göstərmiş olur.
Bir çox hallarda immun sistemimiz özü bu xəstəliklərin öhdəsindən gələ bilir. Lakin 3 gündən çox davam edən hərarət və ümumi halsızlıq əlamətlərində artıq insanlarımız həkimə müraciət etməlidirlər. Çünki bunların sonrakı ağırlaşmaları ola bilir və bu virus infeksiyalarının yanına əlavə olaraq bir bakteriyalı infeksiya da qoşula bilir, nəticədə durum daha da ağırlaşmış və fəsadlaşmış olur.
Bütün bunlardan qorunmaq üçün bir həkim olaraq tövsiyə edərdim ki, insanlarımız mövsümə uyğun geyinsinlər, bol-bol su tükətsinlər, normal yuxu rejimində olsunlar, mövsümi meyvələrdən istifadə etsinlər. Payız-qış qabağı mütləq şəkildə vitamin D, C, sink, selen kimi mikroelementlərdən istifadə etsinlər və duzlu su ilə ağız və burun boşluqlarını təmizləsinlər”.
Həkim-pediatr Aygün Cəfərli: “Kəskin respirator xəstəliklər həmişə zamansız gəlir. Belə ki bu xəstəliklər orqanizmdə immunitet asağı salaraq halsızlıq, qızdırma, iştahasızlıq və.s yaradır. Düzgün müalicə təyin etmək üçün xəstəliyin səbəblərini araşdırmaq lazımdır: virusdur, yoxsa bakteriya? Təbii ki, özbaşına bunu etmək çətindir. Amma hər halda, virus infeksiyasını bakterial infeksiyadan fərqləndirən bəzi əlamətlər var. Virusları bakteriyadan ayırmaq nə üçün lazımdır?
Payız-qış mövsümündə soyuqlamış adamların sayı artır. Respirator infeksion xəstəlikləri çox vaxt viruslar, yaxud bakteriyalar törədir. Hər iki törədicinin yaratdığı patologiyaların simptomatikası oxşardır və onları ayırmaq çox çətindir. Amma infeksiyanın tipini təyin etmək vacibdir. Virus mənşəli infeksiyalara aiddir:
● rinovirus infeksiyası (virus burunun selikli qişasını zədələyir);
● qrip;
● adenovirus infeksiyası ( yuxarı tənəffüs yollarının selikli qişasını zədələyir, gözlər yaşarır, yüngül intoksikasiya simptomları narahat edir);
● paraqrip (orta dərəcəli intoksikasiya və qırtlağın, yuxarı tənəffüs yollarının zədələnməsi);
● infeksion mononukleoz (yüksək hərarət, kəskin boğaz ağrısı və limfa düyünlərinin böyüməsi);
● RS (respirator-sintisial virus – (xəstəlik aşağı tənəffüs yollarını zədələyir);
● metapnevmovirus infeksiyası (virus tənəffüs sistemini və həzm traktını zədələyir, ishal ilə ifadə olunur).
Virus mənşəli patologiyalara bakterial fəsadlar da qoşula bilər. Bakterial mənşəli xəstəlikləri şərti-patogen kateqoriyasına aid olan bir sıra bakteriyalar törədir.
Orqanizmin müqaviməti zəifləyən kimi bu bakteriyalar aktivləşərək ağız, udlaq, burun selikli qişasını zədələyir, bronxlara, burun ciblərinə, ağciyərlərə, traxeyaya sirayət edir. Virus infeksiyası ilə mübarizə aparmaq üçün virus əleyhinə preparatlar, bakterial infeksiyasına qarşı isə antibiotiklər təyin edilir. Antibiotiklər virusların qarşısında acizdir, virus əleyhinə preparatlar isə bakteriyaların öhdəsindən gələ bilmir.
Adekvat müalicənin aparılmaması ağır fəsadlara gətirib çıxara bilər. Bəzi virus xəstəlikləri (təbii ki, qripdən söhbət getmir) ciddi müalicəsiz, özü keçir. Amma bakterial infeksiyanı antibiotiksiz ləğv etmək mümkün deyil. Əks halda, pasient ciddi fəsadlara məruz qalır”.
Payızda özünüzü infeksiyalardan qorumaq üçün bu tövsiyələrə qulaq asın
- Əgər sizdə C və D vitaminləri, sink və dəmir çatışmazlığı varsa, onları qırmızı ət, qoz-fındıq, noxud, bamya, ispanaq, naringi, portağal, limon, qreypfrut, bibər, ananas və kivi kimi qidalarla təbii yolla vitamin qəbul etməyi unutmayın.
- Risk faktorlarınız varsa, epidemiya dövründə ictimai nəqliyyat kimi izdihamlı mühitlərə girməli olduğunuz zaman maska taxın.
- Gigiyenaya diqqət yetirin.
- Evi və ətrafı yaxşı havalandırın.
- Balanslı və adekvat bir pəhriz edin.
- Hər gün 40 dəqiqə gəzin.
- Nizamlı və keyfiyyətli yuxu alın.
- Siqaret çəkməyin və spirtli içki içməyin.
- Bol su için.
- Stressdən uzaq durun.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə