Alimlər ağciyərlərsiz nəfəs almağın yolunu kəşf ediblər...

Bu kəşfin tibbi əhəmiyyəti ola bilər...

...Osaka Universitetinin tədqiqatçıları ilk dəfə olaraq oksigenin insanlara bağırsaqlar vasitəsilə təhlükəsiz şəkildə verilə biləcəyini nümayiş etdiriblər.

SİA-nın məlumatına görə, “Med” jurnalında dərc olunmuş klinik sınaqların nəticələri göstərir ki, enteral ventilyasiya - oksigen tərkibli mayenin rektumdan ötürülməsi - ağciyər zədələnməsi və ya hava yolu tıxanması halında nəfəs almağın davam etdirilməsi üçün ehtiyat metod kimi xidmət edə bilər.

Təcrübədə 27 sağlam könüllü iştirak edib.

Onlara oksigen daşıya bilən 25-1500 millilitr xüsusi perfluorokarbon məhlulu verilib.

İştirakçılar mayeni bir saat saxlayıblar. Heç bir ciddi yan təsir müşahidə edilməyib, yalnız maksimum həcmdə orta dərəcədə narahatlıq müşahidə olunub.

Alimlər qeyd edirlər ki, tədqiqat yalnız prosedurun təhlükəsizliyinə yönəlsə də, növbəti mərhələ onun effektivliyini - oksigenin qan dövranına nə qədər tez nüfuz edə və toxuma doymasını yaxşılaşdıra biləcəyini yoxlamağa yönələcək.

Əgər metod effektiv olarsa, ənənəvi ventilyasiya metodlarının uğursuz olduğu ağır tənəffüs çatışmazlığı olan xəstələrin həyatını xilas edə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə