İmişli sakini yanğın nəticəsində xəstəxanaya yerləşdirilib

Bu gecə saat 04:20 radələrində İmişli rayonu ərazisində baş verən yanğın nəticəsində 1 nəfər (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

İmişli Rayon Mərkəzi Xəstəxanasından SİA-nın bölgə müxbirinə verilən məlumata görə, 1961-ci il təvəllüdlü şəxsə bədənin müxtəlif nahiyələrinin II-III dərəcə termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Qeyd edək ki, yanğın hadisəsi İmişli şəhəri R.Cabbarlı küçəsində X.Quliyevə məxsus təsərrüfatda baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb ətrad ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik sahəsi 250 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə