Xırdalanda yaşayış binasında yanğın olub

29 yanvar 2026-cı il tarixində saat 22:00 radələrində Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın onbirmərtəbəli binanın beşinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun genişlənməsinin və digər mənzillərə keçməsinin qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18 kvadratmetr sahədə yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Hadisə zamanı 5 nəfərə yerində ilkin tibbi yardım göstərilib. İlkin məlumata görə, xəsarət alan olmayıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğının səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə