Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin iştirakçı ölkələri Bakıda mart ayının əvvəlində keçirilməsi planlaşdırılan nazirlər görüşündən əvvəl həll edilməli olan əsas prioritetləri müəyyənləşdirib.
SİA xəbər verir ki, müvafiq qərar "Yaşıl Enerji Dəhlizi" (GECO, Black Sea Energy) birgə müəssisəsinin işçi qrupunun iclasında energetika nazirlərinin müavinləri tərəfindən qəbul edilib.
Xüsusilə Qara dəniz kabeli və Mərkəzi Asiya-Azərbaycan Transxəzər yaşıl enerji kabeli layihələri arasında potensial sinerji məsələləri müzakirə edilib. Görüşün sonunda gələcək fəaliyyətin əsas istiqamətləri və prioritet vəzifələr müəyyən edilib.
Qara dəniz enerji dəhlizi üzrə nazirlər görüşü Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü görüşü zamanı keçiriləcək.
Xatırladaq ki, 2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd Avropaya yaşıl enerji dəhlizinin yaradılması yolunda mühüm addım olub.
Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.
Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1 155 km-dən çox olacaq (1 115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.
2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə "Xəzər yaşıl enerji dəhlizi" təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəlib. Tərəflər üç ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpa olunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar.
Bu təşəbbüs üç ölkənin liderlərinin 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıqları "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq haqqında sazişin davamı olub.
Azərbaycanın günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaratdığı Mərkəzi Asiya-Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər-Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər ki, bu da Mərkəzi Asiyanın böyük regionlarının iki dəniz vasitəsilə Avropa ilə birləşdirilməsini təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB