Paytaxtın Sabunçu, Binəqədi və Nəsimi rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Paytaxt Bakının Sabunçu və Binəqədi rayonundakı iki evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mənzillərdən 8 min 500 manat dəyərində qızıl-zinət əşyaları, həmçinin 2 min manatlıq noutbuk və qol saatı naməlum şəraitdə oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı R.Quliyeva və əvvəllər məhkum olunmuş 46 yaşlı A.Qəniyev saxlanılıblar.

Nəsimi rayonunda da soyğunçuluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək bildirib ki, naməlum şəxs ona məxsus mobil telefonu açıq talama yolu ilə ələ keçirib.

Polis əməkdaşları qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı V.Qədiyevi müəyyən edərək saxlayıblar.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki nəfərin ümumi dəyəri 1300 manat olan noutbuk və mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı K.Süleymanov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə