Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə əlaqədar olaraq ötən il ərzində 172 əməkdaş (onlardan 65-i rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 9 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.
Bu barədə SHXÇDX-dən SİA-ya məlumat verilib.
Bildirilib ki, ümumilikdə ötən ildə 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 6 avqust 2023-cü il tarixli, 2317 nömrəli Fərmanının icrası çərçivəsində, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı dörd yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 1 iyul 2024-cü il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərməkdədir.
Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmət keçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.
Bununla yanaşı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanundakı dəyişikliyə əsasən 15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb edilən sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması da onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasının minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir. Belə ki, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunması, ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərində elektron kabinetlərinin yaradılmasını zəruri edir.
Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetin yaradılması tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB