11 ayda sürücülük hüququ olmadan avtomobil idarə edənlərin törətdikləri hadisələr zamanı 66 nəfər ölüb

Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının səbəbləri içərisində xüsusi diqqət çəkir. Təkcə bu ilin 11 ayı ərzində bu qəbildən olan 113 yol-nəqliyyat hadisəsi törədilib və nəticədə 66 nəfər həlak olub, 84-ü yaralanıb.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, baş verən qanun pozuntusunu yetkinlik yaşına çatmayanların törətməsi əksər hallarda valideyn məsuliyyətsizliyindən qaynaqlanır. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını azyaşlı övladlarına həvalə edəndə uşaqlıq həvəsinin onların arzularını yarıda qoyacağını unudurlar.

“Avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsinin onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyi bildirilir”, - deyə məlumatda vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə