Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Dekabrın 13-də və 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 50, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14, dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 15 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 51,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança, 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər də saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə