Paytaxtın Nəsimi rayonunda kosmetolji vasitələrin satış anbarının fəaliyyəti dayandırılıb - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məluata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakının Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 55 ünvanındakı yaşayış binasının zirzəmisində fəaliyyət göstərən kosmetoloji vasitələrin satışı anbarında aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxlu nöqsanların mövcud olduğu və onların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülmədiyi, müəssisənin odsöndürən balonlarla tam təmin olunmadığı, köçürmə yollarının müxtəlif materiallarla tutulduğu və yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planının tərtib edilmədiyi məlum olub.

Həmçinin binanın zirzəmisində aparılan tikinti işlərinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı, obyektdə tikinti norma və qaydalarının tələblərinə zidd olaraq yaşayış binasının zirzəmi sahəsində yanğın təhlükəli malların satışı məqsədilə anbar yerləşdirildiyi, əmrlə yanğına qarşı rejimin müəyyənləşdirilmədiyi, obyektin fəaliyyətinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadığı aşkarlanıb.

“Mövcud vəziyyət obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğının qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcəyini göstərir. Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş kosmetoloji vasitələrin satışı anbarındakı yanğın təhlükəli mallar daşınıb kənarlaşdırılmaqla binanın təhlükəsizliyi təmin edilib və yol verilmiş nöqsanlara görə obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunaraq bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib”, - deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə