Beyləqanda qanunsuz heyvan kəsiminə qarşı reyd keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim nəzərdə tutulmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində reyd keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, reyd zamanı 10-a yaxın ət satışı mağazasına baxış olub.

Sanitar-gigiyenik norma və qaydalara əməl edilmədən, qanunsuz heyvan kəsimi və ət satışına qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qanunsuz kəsim üçün quraşdırılmış qurğular sökülüb.

Bu sahədə fəaliyyətin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqəsində həyata keçirilməsi ilə bağlı icrası məcburi göstərişlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə