Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirilməsi və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb, K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Vətəndaşlara müraciət edərək bildiririk ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla qarşılaşan zaman maksimum dərəcədə ehtiyatlı olsunlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara, eləcə də keçidlərə diqqət yetirsinlər”,- deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə