Sosial şəbəkələrdə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfər ifşa olunub

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirnikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər həyata keçirilib. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluq edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər - Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, A.Bədəlov və İ.Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. C.Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə vatsap mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərərçəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər.

Tədbirlər zamanı saxlanılan Ş.Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb, özünü elektron poçt və rəsmi saytların idarəolunması şirkətinin rəhbəri kimi təqdim edib.

Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə, onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adına olan hesablara köçürərək nağdlaşdırıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Ş.Rəcəbov və A.Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qətimkan tədbirləri seçilib.

“Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıqları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik”,- deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə