5 min 663 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib

2024-cü il ərzində Vəkillər Kollegiyası (ARVK) tərəfindən bütün ölkə üzrə 5 min 663 nəfər aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. SİA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, hər il ölkədə qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü, Beynəlxalq Qadınlar Günü, Milli Qurtuluş Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Zəfər Günü, Vəkil Günü və s. bayramlar münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Kollegiya tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.

Ümumilikdə 92 aksiya olmaqla 1600 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib. Bu aksiyalardan 24-ü Penitensiar Xidmətin müəssisələrində məhkumlar üçün, 3-ü Probasiya xidmətinin yerli qurumlarının qeydiyyatında olan şəxslər üçün, 8-i Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə regionlarda və 57-si isə “Açıq qapı” Günü ilə bağlı Bakıda və regionlarda aztəminatlı şəxslər üçün keçirilib.

Bundan başqa, ARVK və vəkil qurumlarına daxil olmuş müraciətlər üzrə (şifahi və yazılı) 4 min 63 şəxsə pulsuz hüquqi yardım göstərilib. Belə ki, 552 şəxs Hüquqi Yardım Mərkəzinə, o cümlədən 178 şəxs dövlət orqanları vasitəsilə Kollegiyaya, 374 şəxs isə bilavasitə Hüquqi Yardım Mərkəzinə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə