Bakıda bəzi yollarda svetoforların vaxt planı dəyişdirilib

Bakıda bəzi yollarda təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün svetoforların vaxt planı dəyişdirilib. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, Bakının Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.

NİİM-in əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə svetoforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

Qeyd edək ki, aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra svetoforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə