Sumqayıt şəhərində ictimai nəqliyyat sisteminin müasirləşdirilməsi istiqamətində daha bir mühüm addım atılıb. Sumqayıt Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən xəbərə görə, şəhərə Çinin nüfuzlu Yutong şirkəti tərəfindən istehsal edilmiş 20 ədəd iri tutumlu, müasir tipli avtobus gətirilib.
Bu avtobusların əsas xüsusiyyəti onların sıxılmış təbii qazla (CNG) işləməsidir ki, bu da onları ekoloji baxımdan daha təmiz və sərfəli nəqliyyat vasitəsinə çevirir.
Avtobusların yaxın günlərdə xəttə buraxılması planlaşdırılır.
Eyni zamanda, bir neçə ay əvvəl şəhərə Türkiyənin AKIA markasına məxsus 10 yeni avtobus da gətirilib. Hər iki layihə Sumqayıt sakinlərinin daha rahat, təhlükəsiz və ekoloji cəhətdən uyğun ictimai nəqliyyatdan istifadəsini təmin etmək məqsədini daşıyır. Yeni nəqliyyat vasitələri, xüsusilə geniş tutumu və müasir avadanlıqları ilə sərnişin daşımada keyfiyyət standartlarını yüksəltməyi hədəfləyir.
Bildirilib ki, yeni avtobuslar Sumqayıt Şəhər İcra Hakimiyyəti təşəbbüsü ilə gətirilib və şəhərin nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş ardıcıl tədbirlər çərçivəsində reallaşdırılıb. Yeni avtobuslar həm şəhərdaxili nəqliyyatın rahatlığını təmin edəcək, həm də sərnişinlərin təhlükəsizliyini artıracaq.
Qeyd edək ki, Sumqayıtda ictimai nəqliyyatın inkişafı istiqamətində digər layihələrin də həyata keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə