Polis paytaxtda ətraf mühitin təmizliyi ilə bağlı tədbirləri genişləndirib

Paytaxt ərazisində təmizlik, sanitar-gigiyena qaydalarına riayət olunması işinin təşkili, profilaktikası, təbliğatı aksiyası davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, küçə və prospektlərdə məişət tullantıları və tütün məmulatlarının tutumlara (urnalara) atılması təşviq olunur, qaydalara əməl etməyən şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülür.

DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır.

Polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsinə, habelə ölkəmizdə ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlib. Bu səbəbdən sağlam gələcək naminə hər kəs sanitar-gigiyena qaydalarına riayət etməyə, ətraf mühiti və təbiəti təmiz saxlamağa dəvət edilib.

Qeyd olunub ki, #təmizsaxla həştəqi ilə aksiya bütün ölkə ərazisində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə