Bakıda şəxsi münasibətlər zəminində küçədə 24 yaşlı gənci qətlə yetirməkdə ittiham olunan hərbi qulluqçunun məhkəmə istintaqı yekunlaşıb. SİA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Proses yanvarın 31-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il iyunun 26-da axşam saatlarında paytaxtın Nərimanov rayonunda küçədə baş verib.
İttihama görə, İsmayıl Allahverdiyev şəxsi münasibətlər zəminində üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürüb.
Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
İsmayıl Allahverdiyev müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə