11 il əvvəl evə qara maska ilə silahlı basqın edən şəxslər tutulub

Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə