Təyyarə qəzasında həlak olan Əli Əlimirzəyev Qusarda dəfn olunub

AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan 2002-ci il təvəllüdlü Əli Əlimirzəyevlə Qusar rayonunun Suduroba kəndində vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdən sonra Ə.Əlimirzəyevin nəşi Qusar rayonunun Suduroba kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə Ə.Əlimirzəyevin doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin əməkdaşları ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, sözügedən təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı, 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib. X.Əlimirzəyevanın nəşi dekabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə