Təhsil İnkişaf Fondunun yaradılmasının - ÜSTÜNLÜKLƏRİ - TƏHSİL EKSPERTLƏRİ DANIŞDI
“Azərbaycanda Təhsil İnkişaf Fondunun yaradılması ilə bağlı ölkə başçısının Fərmanı hesab edirəm ki, bütövlükdə ölkəmizdə təhsil sisteminin inkişafına kifayət qədər dəstəyini verəcək. Bu Fond bütövlükdə təhsil layihələrinin, təhsillə bağlı proqramların icrası, təhsilin madd texniki bazasının yenilənməsi istiqamətində fəaliyyət göstərəcək. İndiki dövrdə bu istiqamətdə fondun fəaliyyətə başlaması ölkəmizdə təhsillə bağlı cənab Prezident və ölkənin siyasi rəhbərliyi tərəfindən son illərdə həyata keçirilən ardıcıl işlərin növbəti mərhələsidir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi istiqamətində ölkəmizdə xeyli işlər görülür və Azərbaycan əslində təhsilə ciddi investisiya qoyan ölkələrdən biridir: “Heç təsadüfi deyil ki, Azərbaycanda ən müasir səviyyəli məktəb kompleksləri inşa olunur, məktəblərin maddi-texniki bazası yaxşılaşdırılır və inkişaf çox sürətlidir. Bu inkişafın tempini tutmaq üçün təhsilə investisiyaların cəlb olunması zamanın da tələbidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda Təhsil İnkişaf Fondunun yaradılması gələcəkdə ölkəmizin qabaqcıl yerlərdən birini tutmaq istiqamətində atılmış vacib addımlardan biridir. Bu baxımdan ölkəmizdə təhsilə nə qədər vəsaitlər cəlb olunsa, investisiyalar yatırılsa bu bütövlükdə Azərbaycanın etibar edə biləcəyimiz gələcəyin intellektual insanının formalaşdırılmasına yönəldilmiş sərmayə olacaq. Beləliklə biz ölkəmizin uğurlu gələcəyindən danışa biləcəyik”.
Ekspert sözlərinə belə davam edib: “Artıq Azərbaycan özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və 30 il müddətində torpaqlarımızın işğal olması əslində bu prosesi ləngidirdi. Buna baxmayaraq, ölkəmizdə dövlət büdcəsinin əhəmiyyətli hissəsi əslində ölkə büdcəsində ikinci yeri alan təhsil sektorudur. Bu da təsadüfi deyil. Ölkəmizdə 30 il müddətində işğala məruz qalmış torpaqlarımızın azad edilməsi istiqamətində hərbi sahəyə kifayət qədər investisiya ayrıldı və biz bunun nəticəsində 44 gün ərzində öz torpaqlarımızı düşməndən azad etdik. Eyni zamanda, bu müddət ərzində bir milyondan çox məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə əlaqədar dövlət investisiya qoydu”.
“Əslində 44 günlük müharibədə qələbəmizi təmin edən əsas faktorlardan biri də o idi ki, Azərbaycan insanı təhsilli və savadlıdır. Təlim təhsil tərbiyə prosesinin düzgün qurulması həm də bizim qələbəmizi şərtləndirdi. Çünki, 44 günlük müharibədə canından keçən, vətən uğrunda şəhid olan, müharibədə cəsurluq göstərən döyüşçülər Azərbaycan məktəbinin yetişdirmələridir və bu illər ərzində Azərbaycan təhsilinə qoyulmuş investisiyaların, vəsaitin, diqqətin, qayğının nəticəsi hərb meydanında da özünü bir daha nümayiş etdirdi”.
“Biz hər zaman təhsildən danışanda, tərbiyə məsələsini də önə gətirməliyik. Çünki təhsil və tərbiyə vahid bir sistemdir. Bu sistemdə savadlı Azərbaycan vətəndaşı yetişdirmək, əmək bazarının tələblərinə cavab verəcək peşəkar kadrlar hazırlamaq, ölkənin kadr bankını yeniləmək birbaşa təhsilin vəzifələrindən biridir. Milli dəyərlərə, milli köklərə, Azərbaycana sədaqət ruhunda vətəndaş yetişdirmək də təhsilin vəzifəsidir. Artıq Azərbaycanda yeni dövr başlayır və bu quruculuq prosesində ölkə rəhbərimizin məhz təhsilə bu qədər önəm verməsi təsadüfi deyil. Bu, düşünülmüş proqmatik əslində siyasətin davamıdır. Düşünürəm ki, Təhsil İnkişaf Fondu təhsillə bağlı layihələrin maliyyələşdirilməsi, təhsil infrastrukturunun yenilənməsi, eyni zamanda təhsilə əlavə dövlət büdcəsindən kənar vəsaitlərin cəlb olunmasına gətirib çıxaracaq ki, bu da xeyli faydalıdır. Biz öncədən fondun uğurlu nəticələrini bir neçə ildən sonra əyani şəkildə görəcəyik. Təhsilə qoyulmuş investisiya dövlətin gələcəyinə qoyulmuş investisiyadır”.

Məsələ üzrə təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi də münasibət bildirib: “Cənab Prezidentin verdiyi sərəncam əsasında təhsilin inkişaf fondu yaradıldı. Əslində fonddan, maliyyə imkanlarından, resurslarından düzgün istifadə olunsa, düşünürəm ki, təhsilin inkişafı üçün müəyyən qədər təkan vermiş ola bilər. Nəzərə alsaq ki, biz burada fondun əldə edə biləcəyi hansı ki, vəsaitlər var bunun müəyyən yerlərdən əldə olunması öz əksini tapıb. Bunlar hansı ki, qrantlar hesabınadır əlavə sahibkarlıq fəaliyyətindəndir və yaxud da müxtəlif ianələrdir. Yəni onların hesabına büdcə formalaşacaq və o büdcədən də müəyyən təhsil layihələri həyata keçirilməsi üçün istifadə olunacaq”.
Elçin Əfəndi sözlərinə davam edib: “Ümidvaram ki, bu fond üçün müəllimlərin əməkhaqqından tutulmaz. Biz bəzən bunu müşahidə edirik ki, müəllimlərdən fond pulu tutulur. Digər yöndən büdcəyə pulun yığılması gələcəkdə təhsillə bağlı müəyyən layihələrin inkişafına təkan verə bilər. Bu layihələrdə əsasən təhsil haqqı yüksək olan tələbələrin və ya müvafiq kreditin ayrılması həmin tələbələrə müəyyən güzəştlərin olması, onların təhsil haqqlarının qarşılanması kimi işlərdə istifadə etmək mümkündür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB