"Perspektivli ixtisasların balları hər zaman yüksək olur" - TƏHSİL EKSPERTİ

"Perspektivli ixtisasların balları hər zaman yüksək olur" - TƏHSİL EKSPERTİ

"Abituriyentlər ballarına əsasən gələcəklərini nisbətən müəyyənləşdirirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Onun sözlərinə görə, əgər yüksək ballı abituriyentlər hər hansı bir ixtisası seçirlərsə, bu o deməkdir ki, həmin ixtisas daha perspektivlidir: "Yəni, bu, birmənalı olaraq belədir. Bəzi hallarda, əlbəttə ki, yanılmalar mümkün ola bilər. Amma əsasən, daha yüksək balla abituriyentlərin seçim etdiyi ixtisaslar perspektivli ixtisaslar hesab olunur.

Çünki abituriyent seçim etmədən əvvəl və illərlə bu ənənənin davam etməsi həmin ixtisasın və həmin ali təhsil müəssisələrinin daha perspektivli olduğunu ifadə edir. Misal üçün, biz Bakı Neft Məktəbi, sonra deyək, İqtisad Universiteti, ADA Universiteti kimi universitetləri və bununla yanaşı bir neçəsini də yaza bilərik. Əlbəttə ki, akademiyalar içərisində Gömrük Akademiyasını deyə bilərik.

Yəni, bu təhsil müəssisələri, əlbəttə ki, perspektivli təhsil müəssisələridir və perspektivliliyi də, əlbəttə ki, onların tələbatından irəli gəlir və verdiyi təhsildən irəli gəlir. Bu təhsil müəssisələrində həm ixtisasların keçid ballarının yüksək olması, həm də ixtisaslara müraciətin çox olması, əlbəttə ki, bu ali təhsil müəssisələrindəki ixtisasların keçid ballarını artırır. Bu da, təbii ki, abituriyentlərin daha çox diqqətini cəlb edir.

Ona görə də, məsələn, hazırda biz Qarabağ Universitetini buna nümunə verə bilərik. Qarabağ Universiteti artıq demək olar ki, xüsusi şərtlər irəli sürüb. Artıq 600 baldan aşağı bal toplayanlar Qarabağ Universitetinin tibb fakültəsini seçə bilməyəcək və yaxud da digər ixtisaslar üzrə müəyyən məhdudiyyətlər tətbiq olundu.

Bu, əslində nəyi ifadə edir? Qarabağ Universitetinin bu istiqamətdə rəqabətli olduğunu ifadə edir. Digər ali təhsil müəssisələri ilə ciddi şəkildə rəqabətli olduğunu ifadə edir və rəqabətdə iddialı olduğunu göstərir. Yəni, bu, asan bir şey deyil, əslində. Qarabağ Universitetinin belə bir nəticə göstərməsi, belə bir nəticəyə çıxış etməsi, əlbəttə ki, universitetin prestijindən söz açır.

Hesab edirəm ki, perspektivli ixtisasların hər zaman balları yüksək olur. Perspektivli ixtisaslar dünya təcrübəsində də belədir. Perspektivli ixtisasların arxasınca abituriyentlər hər zaman axın edirlər. Düşünürəm ki, bu istiqamətdə düzgün seçim edən abituriyent, əlbəttə ki, öz gələcəyini qətiyyən riskə atmaz".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə