"Köçürmə halları ən müasir alqoritmlərlə aşkarlanır” - Məleykə Abbaszadə

Dövlət İmtahan Mərkəzinin (DİM) əsas prinsiplərindən biri imtahanın bütün mərhələlərində – həm idarəetmədə, həm də məzmunun hazırlanmasında ictimaiyyətin, xüsusilə elmi-pedaqoji ictimaiyyətin fəal iştirakının təmin edilməsidir. Hazırda DİM-in bazasında 5 mindən çox ekspert müəllim mövcuddur. Bundan əlavə, yazı işlərinin yoxlanılmasında iştirak edən təxminən 3 minə yaxın marker müəllim fəaliyyət göstərir.

SİA xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzində imtahan rəhbərləri və nəzarətçilərinin mükafatlandırılması tədbirində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu iştirakçılığın daha da genişləndirilməsi məqsədilə pedaqoji ictimaiyyətə müraciət olunur: “Təlimlərimizə qoşulmağa və imtahan proseslərində ekspert, marker müəllim, nəzarətçi müəllim və imtahan rəhbəri kimi müxtəlif rollarda fəal iştirak etməyə çağırırıq”.

Məleykə Abbaszadə qeyd edib ki, hazırda paralel şəkildə iki proses gedir və bu proseslərin mahiyyəti bütün tərəflər üçün aydın olmalıdır: “Təəssüf ki, bəzi hallarda imtahan proseslərinin mərkəzində müxtəlif hazırlıq fəaliyyəti ilə məşğul olan şəxslər dayanır. Onlar uzun müddətdir ki, ictimaiyyətdə süni maneələr yaradır, real abituriyentlərlə real ictimaiyyət nümayəndələri arasında çaşqınlıq formalaşdırırlar, şayiələr və yalan məlumatlar yayaraq vəziyyəti bilərəkdən gərginləşdirirlər”.

DİM sədri vurğulayıb ki, artıq bu davranışların arxasında hansı məqsədlərin dayandığı cəmiyyətə aydındır: “İstərdik ki, bu cür riyakar insanlar nəinki təhsil sistemindən, ümumiyyətlə təhsilin ətrafında fəaliyyət göstərən strukturlardan uzaqlaşsınlar. Təhsil kurslarında isə yalnız vicdanla müəllimlik edən, bu adı doğruldan şəxslər çalışmalıdır”.

Köçürmə halları ilə bağlı danışan Məleykə Abbaszadə bildirib ki, bu hallar təkcə imtahan zalında aşkarlanan faktlarla məhdudlaşmır: “İmtahan nəticələri yoxlanılarkən tətbiq etdiyimiz alqoritmlər vasitəsilə də kiminsə kimdən köçürdüyü aydın şəkildə üzə çıxır və bu nəticələr dərhal ləğv edilir. Daha dərindən araşdırdıqda isə bəzi hallarda bunun mərkəzləşdirilmiş şəkildə ötürülən cavablar sistemi olduğu müəyyən edilir”.

Onun sözlərinə görə, bu cür hallar aşkar edildikdə müvafiq materiallar hüquq-mühafizə orqanlarına təqdim olunur: “Əgər söhbət yalnız imtahan zalında baş vermiş qayda pozuntusundan gedirsə, nəticələr ləğv olunur. Amma imtahan zalından kənarda idarə olunan proseslər aşkarlandıqda faktlar hüquq-mühafizə orqanlarına ötürülür və hazırda istintaq prosesi davam edir”.

DİM sədri valideynlərə də müraciət edərək bildirib ki, guya alternativ yollarla övladının nəticəsini dəyişəcəyinə inanmaq yanlış və təhlükəlidir: “Belə hallarda valideynlər əslində başqalarının tələsinə düşürlər və bunun nəticəsi heç vaxt müsbət olmur”.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə