BDU beynəlxalq “workshop”da beynəlmiləlləşmə və dayanıqlı inkişaf təcrübəsini təqdim edib
Bakı Dövlət Universiteti (BDU) Türkiyənin Atatürk Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq əməkdaşlıq, qloballaşma və dayanıqlı inkişaf” adlı beynəlxalq “workshop”da təmsil olunub. Tədbirdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov iştirak edib. Bu barədə SİA-ya BDU-dan bildirilib.
Asiman İlyasov tədbirdə çıxışında BDU-nun beynəlmiləlləşmə strategiyası, rəqabət qabiliyyətliliyinin artırılması, dayanıqlı inkişaf istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, universitetin bu sahədəki uğurlu təcrübəsini iştirakçılarla bölüşüb. O, beynəlxalq əməkdaşlığın təhsil, elmi-tədqiqat və sosial məsuliyyət sahələrində dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.
BDU ilə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universiteti (Azərbaycan), Qara Dəniz Texniki Universiteti (Türkiyə), Hitit Universiteti (Türkiyə), Van Yüzüncü Yıl Universiteti (Türkiyə), Şarja Universiteti (BƏƏ), Delta Elm və Texnologiya Universiteti (Misir), İbn Tofeyl Universiteti (Mərakeş) və Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universiteti (Malayziya) tədbirdə təmsil olunublar.
İştirakçılar ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, qlobal miqyasda qarşılıqlı təcrübə mübadiləsinin aparılması və dayanıqlı inkişaf hədəflərinə töhfə verəcək yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində müzakirələr aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə