Ali məktəbi bitirənlər niyə magistratura üzrə təhsil almaq istəmirlər? - EKSPERT AÇIQLADI

“Azərbaycanda ali məktəbi bitirənlərin magistratura təhsilinə maraq göstərməməsi, təkcə şəxsi seçim və ya maddi imkan məsələsi deyil, daha dərin və sistemli problemlərin nəticəsidir. Bu, təhsil sistemində uzun illər yığılıb qalmış struktur qüsurların, qeyri-effektiv planlaşdırmanın və əmək bazarına bağlılığın zəif olmasının göstəricisidir. Təəssüf ki, Elm və Təhsil Nazirliyi bu problemi sadəcə statistik məlumat kimi təqdim edir, amma onun səbəbləri ilə bağlı ciddi təhlil, maarifləndirmə və strategiya ortaya qoymur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov sözlərinə belə davam edib: “Dövlət İmtahan Mərkəzinin 2024-cü il üzrə açıqladığı məlumatlara əsasən, magistratura səviyyəsinə sənəd verənlərin sayı 20 min nəfərdən az olub, qəbul olanların sayı isə daha az – təxminən 12–13 min civarındadır. Halbuki, həmin il bakalavr pilləsini bitirənlərin sayı 40 minə yaxın olub. Yəni, ali məktəbi bitirənlərin yalnız 30 faizindən bir qədər çoxu təhsilin ikinci pilləsində təhsilini davam etdirmək istəyib. Bu isə o deməkdir ki, sistem daxilində mövcud olan magistratura pilləsi faktiki olaraq ciddi sosial və akademik cazibə yaratmır.

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsində ali təhsilin struktur pillələri təsbit olunub və burada qeyd edilir ki, magistratura pilləsi mütəxəssisin elmi-tədqiqat və nəzəri hazırlıq səviyyəsinin formalaşdığı mərhələdir. Amma təhsil müəssisələrinin əksəriyyətində bu pillə nə tədqiqat bacarıqları formalaşdırır, nə də məzunu əmək bazarında rəqabətə davamlı edir. Əksər hallarda magistrantlar eyni bakalavr dərslərinin davamını təkrarlayır, seminar və təqdimatlarla süni yüklənir, lakin real peşə və analitik bacarıqlar qazana bilmirlər. Bu isə tələbənin əlavə iki il vaxt və resurs sərf etməsini mənasızlaşdırır.

Əmək bazarında magistr dərəcəsinin rəqabət üstünlüyü yaratmaması da ciddi problem olaraq qalır. Dövlət və özəl sektorun əksəriyyəti maaş və vəzifə yüksəlişi baxımından magistr diplomunu nəzərə almır. Bir çox hallarda işəgötürənlər üçün iş təcrübəsi və bacarıq səviyyəsi daha vacib sayılır, akademik dərəcə isə formal sənəd olaraq qəbul olunur. Bu isə gənclər arasında belə bir düşüncəni gücləndirir: “Magistr oxusam da, iş tapa bilməyəcəm və ya əlavə qazancım olmayacaq”. Bu psixoloji etibarsızlıq nəticəsində magistratura yalnız dövlət proqramlarına düşmək istəyənlər, müəllimlik və ya akademik sahəyə yönəlmək istəyənlər üçün maraqlı olur. Bu isə sistemin çox dar auditoriyaya xidmət etməsi deməkdir.

Magistratura pilləsində təqaüd və maliyyə dəstəyi də ciddi tənqid mövzusudur. Mövcud məbləğlər nə yataqxana haqqını, nə nəqliyyat, nə də gündəlik xərcləri qarşılamağa kifayət edir. Ailəsi olmayan və ya işləməyən tələbə üçün bu təqaüd sosial təminat rolunu yerinə yetirə bilmir. Üstəlik, ödənişli əsaslarla təhsil alanların əksəriyyəti bu məbləğdən tamamilə kənarda qalır. Belə şəraitdə, əlavə maddi yük altına girib ikinci dəfə oxumaq cəlbedici olmur.

Dünya təcrübəsinə nəzər saldıqda isə tam fərqli yanaşmalar müşahidə edilir. Məsələn, Almaniyada magistratura pilləsi akademik və peşəkar ixtisaslaşmanın əsas mərhələsi sayılır və əksər sahələrdə bu dərəcə olmadan nə işə qəbul mümkündür, nə də dövlət strukturunda karyera yüksəlişi. İsveç və Norveçdə magistr proqramları dövlət tərəfindən tam maliyyələşdirilir və tələbəyə geniş tədqiqat imkanları təqdim olunur. Koreyada isə texnologiya və mühəndislik sahəsində magistrlar yüksək maaşlı dövlət proqramlarına və startap təşəbbüslərinə cəlb olunur. Bu ölkələrdə təhsil dövlətin iqtisadi inkişaf strategiyası ilə birbaşa əlaqələndirilir. Azərbaycanda isə magistratura dövlət strategiyalarından kənarda qalan, sosial və təhsil sisteminin zəif halqası kimi qalıb.

Bütün bu problemlərin fonunda Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə təhlil aparır, nə də maarifləndirici fəaliyyət göstərir. Tələbələrə magistratura oxumağın real üstünlükləri izah edilmir, statistika paylaşılmır, məzunların uğur hekayələri cəmiyyətə təqdim olunmur. Nazirliyin rəsmi saytında, ictimai hesabatlarında magistratura pilləsi ilə bağlı proqnoz, islahat strategiyası və ya pilot layihə yoxdur. Bu isə sistemin öz ikinci pilləsinə belə inam bəsləmədiyini göstərir.

Magistratura təhsilinə marağın artırılması üçün yalnız təqaüd artımı və ya təbliğat kifayət etməyəcək. Bunun üçün:

– magistr diplomunun əmək bazarında hüquqi və maliyyə baxımından üstünlük qazandırması üçün normativ aktlar yenilənməlidir,
– universitetlər bu pillədə elmi tədqiqat, beynəlxalq mübadilə və praktik yönümlü modullarla zəngin proqramlar təqdim etməlidir,
– işəgötürənlərlə əməkdaşlıq çərçivəsində birgə layihələr, təcrübə proqramları və mentorlara əsaslanan sistem qurulmalıdır,
– tələbələr üçün magistratura sonrası karyera yolları və akademik inkişaf imkanları ictimaiyyətə aydın şəkildə təqdim olunmalıdır.

Əgər bu yanaşmalar həyata keçirilməzsə, hər il minlərlə gənc bu pillədən uzaqlaşacaq, ali təhsil sistemi isə yalnız bakalavr səviyyəsində dayanmış, inkişaf etməyən struktur kimi qalacaq. Bu isə insan kapitalı üçün itirilmiş fürsət, təhsil üçünsə strateji fiaskodur. Təəssüf ki, hələlik Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə plan qurur, nə də mövcud vəziyyəti dəyişmək üçün ciddi iradə ortaya qoyur. Təhsil yalnız struktur deyil, həm də məzmun və nəticədir. Məzmun dəyişməyincə nəticə də dəyişməyəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə